Regionlarda yetişdirilən meyvə və tərəvəz əvvəlcə fermerlər tərəfindən yığılır, çeşidlənir və qablaşdırılır. Daha sonra məhsul ya birbaşa topdansatış bazalarına, ya da vasitəçilər və tədarükçülər vasitəsilə Bakıya göndərilir. Paytaxta çatdıqdan sonra məhsullar topdansatış mərkəzlərində yenidən bölüşdürülür və buradan marketlərə, bazarlara, restoranlara və digər satış məntəqələrinə paylanır.
Bu sözləri SİA-ya Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, bu prosesdə daşınma xərcləri, soyuducu anbarlardan istifadə, qablaşdırma, logistika və vasitəçilərin qazancı məhsulun qiymətinə təsir edir:
“Xüsusilə tez xarab olan meyvə və tərəvəzlərin keyfiyyətini qorumaq üçün onların düzgün saxlanılması və vaxtında çatdırılması vacibdir. Nəticədə istehlakçının süfrəsinə gələn məhsul fermerdən alındığı qiymətdən daha baha, bəzi hallarda bir neçə dəfə yüksək olur, çünki onun üzərinə daşınma, saxlanma və satış xərcləri əlavə edilir. Adətən vasitəçilərin marjası fermerin qazancını bir neçə dəfə üstələyir. Ona görə də həm fermerlər koordinasiyalarda birləşib istehsalı və satışı təmərküzləşdirməludir, həm də hökumət fermerlərin birbaşa bazara çıxışını əlçatan etməlidir”.
Ayşən Vəli