"Stresslə psixi pozuntunun fərqini hər zaman dəqiq ayırd etmək olmur. Çünki stress zamanı da depressiya və ya təlaş pozuntusunda müşahidə olunan əlamətlərə bənzər əlamətlər yaşaya bilərik".
Bu fikirləri SİA-ya açıqlamasında psixiatr Azər Bağırov deyib.
Onun sözlərinə görə, ancaq stress zamanı bu vəziyyəti yaradan tətikləyici, yəni başladıcı səbəbi bilirik: "Məsələn, "Çox gərginəm, çünki sabah imtahanım var", – deyə bilirik.
Psixi pozuntularda isə bunu demək mümkün olmur. Məsələn, nevroz qrupuna aid xəstəliklərdə səbəbsiz gərginlik, əsəbilik, qıcıqlanma, halsızlıq, həvəssizlik, anhedoniya (heç nədən zövq ala bilməmək), ümumi əhval-ruhiyyənin aşağı olması kimi əlamətlər uzun müddət davam edir.
Stress vəziyyətində isə stress faktoru aradan qalxdıqdan sonra insanın əhvalı normallaşır, gərginliyi və həyəcanı keçir, özünü yenidən normal hiss edir. Əgər stress uzunmüddətlidirsə, məsələn, bir və ya üç ay sonra məhkəmə prosesi gözlənilirsə və nəticəsi məlum deyilsə, insan həmin hadisəni düşündükdə narahat, gərgin, qorxmuş və ya təlaşlı hiss edə bilər. Lakin bununla yanaşı, həyatının digər sahələrində funksionallığını əsasən qoruyub saxlayır.
Depressiya və ya təlaş pozuntusu zamanı isə vəziyyət həyatın bütün sahələrinə təsir edir. İnsan sosial münasibətlərə marağını itirir, ünsiyyət ona ağır və yorucu gəlir, dostları ilə görüşmək istəmir, məcbur olmadıqca sosial mühitdən uzaq durmağa çalışır.
İş həyatında da problemlər yaranır. Zehni əmək tələb edən işlərdə diqqət və konsentrasiya pozulduğu üçün səhvlər artır. Fiziki işlərdə isə enerji azlığı, tez yorulma və kifayət qədər yatsa belə dincəlməmək səbəbindən insan işləməkdə çətinlik çəkir. Bəzən bunu belə ifadə edirlər: "Bir az işləyən kimi yoruluram, halsız qalıram, mütləq oturmalı və ya uzanmalı oluram."
Əgər söhbət psixi xəstəlikdən deyil, sadəcə stressə bağlı adaptasiya çətinliyindən gedirsə, bu vəziyyət adətən həyatın digər sahələrinə ciddi təsir göstərmir.
Belə hallardan biri də tükənmişlik (burnout) sindromudur. İnsan uzun müddət intensiv işlədikdə, kifayət qədər dincəlmədikdə, işi evə apardıqda və iş saatları qeyri-müəyyən olduqda tükənmişlik sindromu inkişaf edə bilər. Bu zaman insan işlə bağlı vəziyyətlərdə halsız və həvəssiz olur. Ancaq istirahət etdikdə, gəzdikdə və ya tətilə çıxdıqda özünü daha yaxşı hiss edir, həvəsi bərpa olunur.
Depressiyada isə vəziyyət fərqlidir. Nə işləməyə, nə də dincəlməyə həvəs olur. İnsan heç nədən zövq almır. Əvvəllər xoşladığı fəaliyyətlər, əyləncələr, dostlarla görüşlər belə maraq doğurmur. Buna anhedoniya deyilir və depressiyanın əsas əlamətlərindən biridir.
Təlaş pozuntusunda da həyəcan və narahatlıq hissi olur. Stress zamanı bu hisslər konkret səbəblə bağlıdır və səbəb aradan qalxdıqda azalır. Təlaş pozuntusunda isə narahatlıq səbəbsiz olur və çox güclü şəkildə davam edir. Bəzən insan o qədər narahat olur ki, yerində qərar tuta bilmir, bir otaqdan digərinə gedir, heç bir yerdə rahatlaşa bilmir. Hətta bu hissdən qurtulmaq üçün özünə zərər vermək barədə düşünə də bilər.
Əgər bu əlamətlər stress yaradan amil aradan qalxdıqdan sonra da iki həftədən çox davam edirsə və gündəlik həyata ciddi təsir göstərirsə, artıq psixi pozuntudan şübhələnmək lazımdır. Belə hallarda mütləq psixoloq və ya psixiatr kimi mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Çox vaxt insanlar psixi pozuntuları həyatlarında baş verən problemlərlə əlaqələndirirlər. Lakin həmin problemlər həll olunduqdan sonra da əlamətlər davam edirsə, bu artıq psixi pozuntunun göstəricisi ola bilər. Buna görə də bütün halları yalnız xarici mühit amilləri ilə izah etmək düzgün yanaşma deyil".
Lətifə Musayeva