"Lazer görmə korreksiyası eynək və ya kontakt linzalardan azad olmaq istəyən bir çox insan üçün effektiv üsul ola bilər. Lakin bu prosedur hər bir pasiyentə tətbiq edilə bilməz". Bu sözləri SİA -ya açıqlamasında professor, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri Paşa Musayev Qəlbinur bildirib.
Onun sözlərinə görə, lazer əməliyyatına qərar verməzdən əvvəl gözün quruluşu, görmə vəziyyəti və ümumi sağlamlıq göstəriciləri ətraflı şəkildə qiymətləndirilməlidir:
"Bunun üçün xüsusi oftalmoloji müayinələr aparılır. Həkim bu müayinələr zamanı buynuz qişanın qalınlığını və formasını, göz təzyiqini, görmə dərəcəsini, göz dibinin vəziyyətini, quru göz probleminin olub-olmamasını və digər vacib göstəriciləri yoxlayır. Yalnız bu nəticələr əsasında müəyyən edilir ki, pasiyent üçün lazer korreksiyası təhlükəsiz və uyğundur, yoxsa başqa müalicə üsuluna ehtiyac var.
Bəzi hallarda, məsələn, buynuz qişanın kifayət qədər qalın olmaması, bəzi göz xəstəliklərinin mövcudluğu, görmə göstəricilərinin sabit olmaması və ya digər tibbi səbəblər lazer korreksiyasına mane ola bilər. Buna görə də yalnız eynəkdən qurtulmaq istəyi ilə deyil, mütləq həkim müayinəsindən keçdikdən sonra qərar vermək lazımdır.
Əgər hər hansı şəxs lazer görmə korreksiyası etdirmək istəyirsə, ilk növbədə oftalmoloqa müraciət etməlidir. Həkim aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə lazer əməliyyatının mümkün olub-olmadığını, hansı metodun daha uyğun olduğunu və prosedurun risklərini izah edir. Düzgün seçim və peşəkar qiymətləndirmə lazer korreksiyasının daha təhlükəsiz və uğurlu nəticə verməsi üçün əsas şərtlərdən biridir".
Lətifə Musayeva