Universitetlərə qəbulda yeni qayda olacaq? - TƏHSİL EKSPERTİ AÇIQLADI

23 İyul 2026 18:05 (UTC+04:00)

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul prosesində test imtahanından sonra əlavə müsahibə mərhələsinin tətbiqi məsələsi vaxtaşırı ictimai müzakirələrin mövzusu olur. Bəs belə bir yanaşma qəbul prosesinin daha şəffaf və keyfiyyətli təşkilinə töhfə verə bilərmi?

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev SİA-ya açıqlamasında bildirib ki, ali məktəblərə qəbul zamanı test imtahanından sonra müsahibə mərhələsinin tətbiqini məqsədəuyğun hesab etmir:

"Bu cür yanaşma qiymətləndirmədə subyektiv amillərin artmasına səbəb ola bilər. Ali məktəblərə qəbul zamanı mövcud test sistemi kifayət qədər effektivdir. İmtahanlarda tətbiq olunan yazılı tapşırıqlar, situasiya əsaslı suallar və digər qiymətləndirmə üsulları abituriyentlərin bilik və bacarıqlarını obyektiv şəkildə müəyyən etməyə imkan verir. Qəbul prosesinə müsahibə mərhələsinin əlavə olunması qeyri-obyektiv qərarlar və korrupsiya riskləri yarada bilər. Bu kimi hallarla bəzi qabiliyyət imtahanlarında qarşılaşmışıq. Müsahibə formatında qiymətləndirmə bəzən şəxsi yanaşmaların təsiri altına düşə bilir. Doğrudur, Dövlət İmtahan Mərkəzi son illərdə bu istiqamətdə mühüm təkmilləşdirmələr həyata keçirib. Buna baxmayaraq, əvvəlki dövrlərdə müəyyən problemlər müşahidə olunurdu. Test imtahanından sonra müsahibə mərhələsinin tətbiqi cəmiyyət tərəfindən də müsbət qarşılanmayacaq. Düşünürəm ki, hazırda tətbiq olunan qəbul modeli həm şəffaflıq, həm də obyektivlik baxımından ən uyğun mexanizmdir. Müsahibə mərhələsinin əlavə edilməsi qəbul prosesinə etimadı artırmaqdan daha çox suallar yarada bilər. Mövcud test əsaslı sistem isə ədalətli qiymətləndirmənin təmin olunması baxımından daha etibarlı hesab edilir".