"Almaniya və Azərbaycan arasında imzalanan sənədlər ölkənin rifahının daha yüksəlməsinə töhfə verə bilər" - ŞƏRH EDİLDİ

23 İyul 2026 16:36 (UTC+04:00)

"Azərbaycanla Almaniya arasında cənab Prezidentin son səfərindən sonra münasibətlərdə yeni bir mərhələ başlayıb və bu mərhələ strateji tərəfdaşlıq mərhələsi hesab edilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqına üzv bir sıra ölkələrlə strateji tərəfdaşlıq sənədləri mövcuddur və Almaniya da artıq bu siyahıya daxil olub:

"Almaniya ilə təhlükəsizlik, siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq istiqamətləri imzalanan bəyannamədə öz əksini tapıb. Düşünürəm ki, Almaniya yeni dünya siyasi nizamında aparıcı dövlətlərdən biri olacaq. O, Cənubi Qafqaz siyasətində də daha fəal rol oynamağa çalışacaq və bu çərçivədə Azərbaycanla daha sıx əməkdaşlıq edəcək. Gürcüstanla münasibətlər əvvəlki səviyyədə olmasa da, Ermənistanla əlaqələrini davam etdirəcək, Azərbaycanla isə strateji tərəfdaşlığı daha da dərinləşdirmək istiqamətində siyasət həyata keçirəcək.

Hesab edirəm ki, Almaniya ilə əməkdaşlıq Azərbaycanın milli maraqlarına da cavab verir. Almaniyanın müasir elmi-texniki imkanlarından faydalanmaq, onun iqtisadi təcrübəsindən yararlanmaq, eləcə də Almaniya şirkətlərinin Azərbaycana cəlb edilməsi ölkəmizin iqtisadi və elmi inkişafına mühüm töhfə verə bilər. Bir sözlə, Almaniya və Azərbaycan arasında imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycanın milli maraqlarına xidmət edir və gələcəkdə ölkənin rifahının daha da yüksəlməsinə töhfə verə bilər".