"Yol kənarında açıq şəkildə satılan qidalar sağlamlıq üçün risk yaradır" - EKSPERT

23 İyul 2026 16:35 (UTC+04:00)

"Yol kənarında açıq şəkildə satılan qida məhsulları hər zaman risk qrupuna daxil olan məhsullar sırasındadır. İlk növbədə bu qidalar fiziki çirklənməyə məruz qalır".
Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, ətrafdan daxil olan toz, çirk, eləcə də avtomobillərdən çıxan ekzoz qazları, ağır metallar və digər zərərli maddələr qidaya təsir göstərə bilər:

"Bundan əlavə, belə satış məntəqələrində həşəratların, gəmiricilərin və quşların qida ilə təması ehtimalı yüksək olur. Bu isə məhsulların müxtəlif mikroorqanizmlərlə çirklənməsinə, salmonella, E.coli kimi bakteriyaların yaranmasına və ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.

Qida məhsullarının birbaşa günəş şüaları altında saxlanılması da təhlükəlidir. Xüsusilə yay aylarında yüksək temperatur məhsulların tərkibinin dəyişməsinə, qida dəyərinin azalmasına və daha tez xarab olmasına gətirib çıxarır. Buna görə hər bir qida məhsulu öz xüsusiyyətinə uyğun şəraitdə, sanitar-gigiyena qaydalarına əməl olunaraq saxlanılmalıdır.

Lakin bir çox hallarda yol kənarında satış zamanı bu qaydalara riayət edilmir. Satıcıların əlcəkdən istifadə etməməsi, pulla təmas etdikdən sonra qidaya toxunması, məhsulların açıq və təmiz olmayan şəraitdə saxlanılması ciddi risk yaradır.

Belə qidaların istifadəsi allergik reaksiyalara, həzm sistemi problemlərinə, bronx və tənəffüs yolları ilə bağlı narahatlıqlara səbəb ola bilər. Ağır metallarla çirklənmiş məhsullar isə orqanizmdə zəhərlənmələrə və daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxara bilər. Xüsusilə immun sistemi zəif olan şəxslərdə, xroniki xəstəlikləri olan insanlarda bu risklər daha yüksəkdir.

Vətəndaşlara tövsiyə olunur ki, qida məhsullarını yalnız təmiz, sanitar tələblərə cavab verən və üstü bağlı satış yerlərindən alsınlar. Satıcının gigiyenasına, məhsulun qablaşdırılmasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət etmək vacibdir.

Xüsusilə ət məhsulları, ətli bulka, göyərti, kartoflu və digər tez xarab olan qidalar mütləq soyuducu şəraitində saxlanılmalıdır. Əks halda bu məhsullar qısa müddətdə yararsız hala düşərək zəhərlənməyə səbəb ola bilər.

Havanın temperaturu yüksək olduğu dövrlərdə uzun müddət açıq havada qalan qidaların alınması tövsiyə edilmir. Belə məhsullar həm risk qrupunda olan şəxslər, həm də sağlam insanlar üçün təhlükə yarada bilər.

Yol kənarında sanitar-gigiyena normalarına uyğun olmayan qida satışının qarşısının alınması, nəzarət tədbirlərinin gücləndirilməsi və qaydaları pozan şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi insanların sağlamlığının qorunması baxımından vacibdir".

Lətifə Musayeva