Sürücülük vəsiqəsi ilə bağlı qaydalarda dəyişiklik edilib. Daxili İşlər Nazirliyinin qərarı ilə bu sahədə prosedurlar "Yol hərəkəti haqqında" qanuna uyğunlaşdırılıb. Yeni qaydaya əsasən, bəzi hallarda elektron inzibati xəta haqqında qərarın təqdim edilmə mexanizmi dəyişir. Bəs bu dəyişiklik sürücülər üçün praktikada nəyi dəyişəcək? Bu dəyişiklik sürücülər üçün nəyi dəyişir? Mobil nömrənin elektron kabinetdə qeydiyyatı niyə vacibdir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov SİA-ya açıqlamasında bildirib ki, bu dəyişiklik daha çox sürücülərə deyil, Dövlət Yol Polisi əməkdaşlarının işi ilə bağlı olan bir dəyişiklikdir:
"Burada əsas məsələ inzibati xəta haqqında qərarın sürücüyə necə çatdırılması mexanizmi ilə bağlıdır. Məqsəd isə qanunvericiliklə digər hüquqi aktlar arasında uyğunluğu təmin etmək və elektron bildiriş sisteminin daha səmərəli işləməsinə nail olmaqdır. Artıq Dövlət Yol Polisi əməkdaşının üzərinə məsuliyyət qoyulur ki, sürücünü vaxtında məlumatlandırsın. Vaxtında məlumatlandırma üçün isə mobil nömrənin elektron kabinetdə düzgün qeydiyyatdan keçirilməsi vacibdir. Məqsəd ondan ibarətdir ki, hər hansı bir inzibati xəta, qayda pozuntusu, cərimə və ya şikayət olduğu halda bu məlumat sürücüyə dərhal çatdırılsın.
Beləliklə, sürücü bu barədə daha tez məlumat almış olur. Bu cür məlumatlandırma sistemi həm vətəndaş, həm də dövlət üçün vaxt itkisini azaldır və prosesi daha səmərəli edir. Yəni bu yenilik sürücülər üçün əlavə yük yaratmır. Əksinə, onu daha çox şəffaf və operativ məlumatlandırma mexanizmi kimi qiymətləndirmək olar. Əsas məsələ elektron kabinetdə məlumatların aktual saxlanılmasıdır. Bu isə həm sürücünün hüquqlarının qorunmasına, həm də inzibati prosedurların daha səmərəli həyata keçirilməsinə xidmət edir".