“Sinədə yaranan xırıltı bəzən ciddi xəstəliklərin əlaməti ola bilər” - HƏKİM

23 İyul 2026 15:38 (UTC+04:00)

"Danışarkən və ya daha çox nəfəs alarkən sinədə eşidilən xırıltı müxtəlif səbəblərdən yarana bilər. Adətən bu səs nəfəs alarkən daha aydın eşidilir, lakin bəzi hallarda danışarkən də müşahidə oluna bilər. Bu, üst tənəffüs yollarında, məsələn, qırtlaq stenozu (qırtlağın daralması) və ya alt tənəffüs yollarında, bronxların daralmasına qədər müxtəlif patologiyalar nəticəsində meydana çıxa bilər". Bu sözləri SİA-ya açıqlamasında pulmonoloq, ağ ciyər həkimi Əsəd Beydullayev bildirib.

Onun sözlərinə görə, hər bir halda fərqli müayinə metodları tətbiq olunur:

"Əgər prosesin üst tənəffüs yollarından qaynaqlandığı düşünülürsə, məsələn, qırtlaq stenozu, qırtlaq qapağının patologiyası və ya səs tellərinin patologiyası varsa, bu zaman mütləq LOR həkiminin müayinəsi vacibdir. LOR həkimi xəstəni müayinə edir və vəziyyəti qiymətləndirir. Adətən bu hallar qalıcı və uzunmüddətli olur, dərman müalicəsi ilə tam aradan qalxmır.

Əgər xırıltı sinədən gəlirsə, məsələn, tozlu mühitə daxil olarkən başlayır, digər hallarda keçir və ya hər hansı inhalyasiya dərmanı ilə yüngülləşirsə, bu daha çox alt tənəffüs yollarının problemi ilə əlaqəli olur. Belə hallarda xəstəyə mütləq ağciyərlərin rentgen müayinəsi və spirometriya testi aparılmalıdır. Bu müayinələrin nəticəsində tənəffüs yollarında daralmanın olub-olmaması müəyyən edilir və daha sonra uyğun müalicə təyin olunur.

Alt tənəffüs yollarının xəstəlikləri sırasında bronxial astma zamanı xırıltılar eşidilə bilər. Həmçinin uzun müddət siqaret çəkməyə bağlı inkişaf edən xroniki obstruktiv ağciyər xəstəliyində (XOAX) bronxların daralması nəticəsində də xırıltılar müşahidə olunur. Bronxitlər zamanı da bu hal rast gəlinə bilər.

Bundan başqa, tənəffüs yollarında yeni əmələ gəlmiş törəmələr bronx divarını sıxdıqda qalıcı xırıltılı səs yarada bilər. Bronxların genişlənməsi (bronxoektaziya) zamanı isə bəlğəmli öskürəklə yanaşı xırıltılı tənəffüs də müşahidə oluna bilər.

Diaqnoz dəqiqləşdirildikdən sonra xəstəyə uyğun müalicə təyin edilir. Əsas müayinələr ağciyərlərin rentgen müayinəsi və spirometriya testidir. Bu iki müayinə nəticəsində mövcud şübhələri dəqiqləşdirmək və düzgün diaqnoz qoymaq mümkün olur".

Lətifə Musayeva