Azərbaycanda hər il minlərlə abituriyent əsas hədəf kimi ali məktəblərə qəbul olmağı seçir. Halbuki peşə və orta ixtisas təhsili də əmək bazarında tələb olunan sahələr üzrə kadr hazırlayır. Buna baxmayaraq, bir çox gənc bu təhsil pillələrini yalnız universitetə qəbul ola bilmədikdə alternativ kimi dəyərləndirir. Bəs bunun səbəbi nədir və peşə təhsilinə marağı artırmaq üçün nələr edilməlidir? Niyə əksər gənclər ilk seçim kimi universiteti görür, peşə və orta ixtisas təhsilini isə ikinci planda saxlayır? Peşə təhsili müəssisələri və kolleclərlə bağlı cəmiyyətdə hansı yanlış təsəvvürlər var?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir məmmədli SİA-ya açıqlamasında bildirib ki, artıq bir neçə ildir ki, Azərbaycanda peşə təhsil mərkəzlərinə dövlət səviyyəsində geniş dəstək göstərilir və investisiyalar yatırılır:
"İnfrastruktur yenilənir, yeni ixtisaslar yaradılır. Heç də təsadüfi deyil ki, bu il peşə təhsil mərkəzlərinə qəbul başlayıb. Elan olunmuş məlumatlara görə, ödənişli ixtisasların illik təhsil haqqı 500 manatdan başlayaraq 6500 manata qədər dəyişir. Müqayisə üçün qeyd edək ki, ali təhsil müəssisələrində də illik təhsil haqqı 6500 manat olan ixtisasların sayı çox deyil.
Bu, onu göstərir ki, peşə təhsil mərkəzlərində təhsil alaraq sertifikat əldə edən məzunların bilik və bacarıqları təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də tanınır və qiymətləndirilir.
Bu gün Azərbaycanda ali təhsilə münasibət müəyyən mənada dəb halını alıb desəm, yanılmaram. Çünki əksər valideynlər övladlarının mütləq ali təhsil müəssisəsinə qəbul olunmasını hədəfləyirlər. Təəssüf ki, qəbul imtahanlarında istədikləri nəticəni əldə edə bilməyənlər çox vaxt attestatla xaricdə təhsil almağa üstünlük verirlər. Lakin bu seçim də əksər hallarda gözlənilən nəticəni vermir və həm valideynlər, həm də tələbələr müxtəlif problemlərlə üzləşirlər.
Mən, açığı, peşə təhsil mərkəzlərini kolleclərlə müqayisə etməzdim. Çünki Azərbaycanda kollec təhsili, bəlkə də, təhsil pillələri arasında əmək bazarında ən zəif mövqeyə malik olan səviyyələrdən biridir. Peşə təhsil mərkəzlərində isə tədris proqramları əmək bazarının müasir tələblərinə uyğun qurulduğundan məzunların iş tapmaq imkanları daha yüksəkdir.
Məsələn, hazırda qaynaqçılar, santexniklər, elektriklər, xüsusilə də Çin istehsalı olan və hibrid avtomobillər üzrə elektrik və çilingər mütəxəssislərinə böyük ehtiyac var. Bundan başqa, alternativ enerji sahəsi ilə bağlı ixtisaslar da ən perspektivli istiqamətlərdəndir. Bu sahələr üzrə peşəkar kadrlar hazırlanır, xarici mütəxəssislər təlimlərə cəlb olunur, yerli mütəxəssislər isə təcrübə keçmək üçün xaricə göndərilirlər.
Ümumilikdə, peşə təhsil mərkəzlərinin məzunları həm ailələrinin maddi yükünü azalda, həm də qısa müddətdə əmək bazarında işlə təmin oluna bilirlər.
Düşünürəm ki, 30–40 il əvvəl peşə məktəblərinin malik olduğu nüfuz tədricən bərpa olunur. Həmin dövrdə peşə məktəbini bitirənlər işlə təmin edilir, gənc mütəxəssis kimi mənzil növbəsinə dayanmaq imkanı əldə edirdilər. Bu da onların gələcək həyatına mühüm təsir göstərirdi.
Hesab edirəm ki, bu gün də peşə təhsil mərkəzlərinə marağın daha da artırılması üçün tələbələrə daha yüksək təqaüdlərin verilməsi və hərbi xidmətə möhlət hüququnun tətbiqi məqsədəuyğun olardı.
Belə olduğu təqdirdə, peşə təhsil mərkəzləri ali təhsil müəssisələrinə güclü alternativə çevrilə bilər və valideynlər övladlarını bu təhsil müəssisələrinə daha həvəslə yönləndirərlər".