“Azərbaycan–Almaniya münasibətləri strateji tərəfdaşlıqda yeni mərhələyə qədəm qoyur”

23 İyul 2026 15:10 (UTC+04:00)

"Azərbaycan Prezidentinin Almaniyaya səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək. Cənab Prezidentin Almaniya Kansleri ilə keçirdiyi görüşdə və mətbuata verilən birgə bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində olduqca vacib mesajlar səsləndirildi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, tərəflərin həm enerji, həm də qeyri-enerji sektorlarında əməkdaşlığı gücləndirmək niyyəti Azərbaycan–Almaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir:

"Hazırda Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dollara yaxındır. Son beş ildə bu göstərici 68 faiz artıb. Bu ildən etibarən Azərbaycanın Almaniyaya təbii qaz ixracına başlaması isə ticarət dövriyyəsinin gələcəkdə daha da artacağını deməyə əsas verir.

Tərəflərin Biznes Şurasının yaradılması ilə bağlı razılığa gəlməsi də xüsusi əhəmiyyət daşıyır. Belə bir platformanın fəaliyyətə başlaması qeyri-neft sektorunda əməkdaşlığın genişlənməsinə, Azərbaycanın Almaniyaya qeyri-neft ixracının artmasına və qarşılıqlı investisiyaların həcminin yüksəlməsinə töhfə verəcək.

Bununla yanaşı, nəqliyyat, logistika, rəqəmsal inkişaf, süni intellekt və digər strateji sahələrdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı qarşılıqlı iradənin nümayiş etdirilməsi gələcək perspektivlər baxımından mühüm əhəmiyyət kəsb edir.

Almaniyada keçirilən görüşlər, imzalanan sənədlər və aparılan danışıqlar bir daha təsdiqləyir ki, Azərbaycan–Almaniya münasibətləri yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında strateji tərəfdaşlığın inkişafında yeni bir səhifənin açılmasına və əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək".

Lətifə Musayeva