"Kiberhücumların vurduğu ziyanın əhatəsi - kiberdünyanın sakinlərindən tutmuş, dövlət qurumlarına, idarəetmə sistemlərinə, “ağıllı” adlanan bütün texnoloji ekosistemə, kritik infrastruktur sistemlərinə və s. qədər kəskin şəkildə genişlənməkdədir". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, bəlkə də bu səbəbdən kibercinayətkarlıq - qlobal sosial bəla hesab olunur və insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə qarşı əhəmiyyətli təhlükəyə çevrilməklə, böyük ictimai-siyasi təsirlərə malikdir:
"Rəqəmsal dövrdə internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlayn bankçılıq, sosial şəbəkələr, elektron ticarət və mobil tətbiqlər həyatımızı asanlaşdırsa da, kiber riskləri də artırıb. Son illərdə Azərbaycanda phishing və scamming halları artıb.
Kiber dələduzluq, yəni internet vasitəsilə insanları aldatmaq, onların pulunu, bank məlumatlarını və ya şəxsi hesablarını ələ keçirmək cəmiyyət üçün ciddi təhlükəyə çevrilib.
Azərbaycan qanunvericiliyinə görə belə əməllər sadəcə etik qaydaların pozulması deyil, birbaşa cinayət tərkibli hərəkətlərdir. Cinayət Məcəlləsinin 178-ci maddəsi olan dələduzluq onlayn mühitdə edilən saxtakarlıqları da əhatə edir və bu əmələ görə məsuliyyət nəzərdə tutur.
Onlayn dələduzluğa aiddir:
-Saxta bank SMS-ləri
-“Kartınız bloklanıb” tipli zənglər
-Saxta marketplace elanları
-“Pul göndər, sonra əşyayı göndərərəm” tipli aldatmalar
-Saxta investisiya platformaları
-Hakerlik yolu ilə hesabın ələ keçirilməsi Bank kartı məlumatlarını heç kimlə paylaşmayın.
Banklar sizdən PIN, CVV və ya SMS kod tələb etmir. Bank xidmətləri sizdən 16 rəqəmli kod tələb edir.
Şübhəli linklərə daxil olmayın. Phishing linkləri çox vaxt .xyz, .top, .icu kimi ucuz domenlərdən istifadə edir. Onlayn alış-verişdə mümkün olduqda “qapıda ödəniş” (COD) seçin.
Deepfake – süni intellektlə yaradılmış saxta video, audio və ya şəkillərdir
“Deepfake” funksionallıqları vasitəsilə dələduzlar insanlara onların qohumları, dostları, tanışları adından zəng edirlər.
Bu yolla, müxtəlif bəhanələrdən istifadə etməklə (məsələn, təcili maliyyə ehtiyacı, qəza, hüquqi məsələ və s.) dələduzlar zərərçəkmişləri inandıraraq onların hesablarındakı vəsaitləri öz nəzarətlərində olan hesablara köçürülməsinə nail olurlar.
Bu texnologiyalar həm telefon zəngləri, həm də sosial mesajlaşma platformaları (məsələn: WhatsApp, Messenger, Telegram və s.) vasitəsilə istifadə oluna bildiyindən, dələduzlar tərəfindən insanları manipulyasiya etmək üçün geniş şəkildə tətbiq olunur".
Lətifə Musayeva