“İmtahan həyəcanı psixologiyada normal sayılan bir reaksiyadır və hətta müəyyən səviyyədə faydalıdır. Bu vəziyyət “stres reaksiyası” adlanır və düzgün səviyyədə olduqda insanın diqqətini artırır, performansını yüksəldir”.
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.
Onun sözlərinə görə, problem o zaman yaranır ki, bu stres həddindən artıq olur və uşağın düşünmə qabiliyyətini bloklayır:
“Valideynlərin üzərinə bütün məsuliyyəti qoymaq düzgün deyil, amma “valideyn heç nə tələb etmir” fikri də tam doğru sayılmır. Bəzən valideynlər fərqinə varmadan gözlənti və müqayisə ilə uşağa əlavə psixoloji təzyiq yaradırlar. Bu isə uşağın həyəcan səviyyəsini daha da artırır.
Əsas məqam həyəcanı tam aradan qaldırmaq deyil, onu idarə etməyi öyrənməkdir. Çünki həyəcanı düzgün idarə edən şəxs daha uğurlu nəticə əldə edir. Bu baxımdan imtahan simulyasiyaları, nəfəs texnikaları, nəticəyə deyil prosesə fokuslanmaq və “uğursuzluq son deyil” düşüncəsinin aşılanması uşaqlara ən çox kömək edən üsullar hesab olunur”.