Azərbaycanın yaşıllıqlar ölkəsinə çevrilməsində meşəçilərin əvəzsiz rolu

22 İyul 2026 18:52 (UTC+04:00)

Meşələr Tanrının ən gözəl varlığı olmaqla yanaşı, həm də bəşəriyyətin ən vacib təbii sərvətlərindəndir. Onlar Yer kürəsinin ekoloji tarazlığını qoruyur, iqlimə təsir göstərir, biomüxtəlifliyi qoruyur və çoxsaylı faydalı maddələrin mənbəyi kimi insanlığa xidmət edir. Qlobal iqlim dəyişikliyi, əhali artımı və ətraf mühitə artan antropogen təzyiqlər qarşısında meşələrin əhəmiyyəti daha da aydın üzə çıxır. Buna görə də, meşələrin qorunması və meşə təsərrüfatı mütəxəssislərinin fəaliyyətləri xüsusilə aktual əhəmiyyət kəsb edir.

Meşələr planetimizin quru sahəsinin təxminən üçdə birini tutur və bir çox həyati funksiyaları yerinə yetirir. Onları heç də təsadüfən “Yer kürəsinin ağciyərləri” adlandırmırlar. Bir hektar yetkin meşə hər il onlarla ton karbon qazını uda bilir və istixana effektinin mənfi təsirini azaldır.

Bundan əlavə, meşələr ərazilərin su balansını tənzimləyir. Onlar torpaq nəminin toplanmasını təşviq edir, daşqınların qarşısını alır və sürüşmə və eroziya riskini azaldır. Meşələr yerli iqlimin formalaşmasına təsir göstərir, temperatur dalğalanmalarını azaldır və hava rütubətini artırır. Meşələr biomüxtəlifliyin qorunmasında eyni dərəcədə vacib rol oynayır. Meşə ekosistemləri xeyli sayda heyvan, quş, həşərat və bitkiyə əlverişli mühitdir. Meşə itkisi bir çox növün məhv olmasına və təbii ekosistemlərin pozulmasına səbəb olur.

Meşələrin böyük dəyərinə baxmayaraq, onlar ciddi təhlükələrlə üzləşməyə davam edirlər. Qanunsuz ağac kəsimi əsas problem olaraq qalır. Tez qazanc əldə etmək istəyənlər çox vaxt ətraf mühitin nəticələrini nəzərə almadan, onlara olunan etibardan sui-istifadə edərək meşələri amansızcasına məhv edirlər. Təbii ki, onlar layiqli cavablarını alır və almalıdırlar.

Meşə yanğınları ciddi təhlükə yaradır. Son illərdə artan temperatur və uzun sürən quraqlıq dünyanın bir çox ölkəsində meşə yanğınlarının sayını əhəmiyyətli dərəcədə artırıb. Bir çox yanğınlar insan fəaliyyəti - odla ehtiyatsız davranma, yandırılmış ocağı söndürmədən ərazini tərk etmə və sair bu kimi əməllər nəticəsində baş verir.

Meşələr doğma Vətənimiz olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Ölkənin meşə örtüyü nisbətən az olsa da, meşələr ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Xüsusilə, Böyük və Kiçik Qafqazın, Talış dağlarının və ölkənin digər bölgələrinin meşələri çox böyük dəyərdir. Azərbaycan meşələri həm də minilliklərin yadigarı, xalqımızın təbii sərvəti və gələcək nəsillərə əmanətimizdir.

Bu mənada meşə mühafizəsi bütün aspektlərdən hərtərəfli yanaşma tələb edir. Dövlətimiz meşə ehtiyatlarının istifadəsini tənzimləyən xüsusi qanunlar qəbul edir və Azərbaycan Prezidenti cənab İlham Əliyev bir sıra fərman və sərəncamları ilə milli parklar, təbiət qoruqları, bir sözlə, Xüsusi Mühafizə Olunan təbiət ərazilərini genişləndirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın son 10 illikdə ölkənin yaşıllaşdırılması sahəsində irəli sürdüyü və realalşdırılan təşəbbüs və layihələri isə xüsusi qeyd etmək istərdim. Bu tədbirlər sırasında təkcə bir faktı xatırlatmaq kifayətdir ki, bu layihə və təşəbbüslərin Ana təbiətimizə nə qədər böyük fayda verdiyini dərk edək. Ölkənin Birinci vite-prezident Mehriban xanım Əliyeva böyük Azərbaycan şairi Nəsiminin 650 illiyi ilə əlaqədar “Nəsimi ili” elan edilmiş 2019-cu uldə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü irəli sürdü. Bütün Azərbaycan xalqının qoşulduğu bu təşəbbüs təkcə respublikada deyil, bütün dünyada böyük əks-səda doğurdu. Amma bu təşəbbüsün ən böyük faydası bu oldu ki, Ana təbiət daha 650 min ağac sayı yaşıllaşdı, gözəlləşdi.
Əlbəttə ağaclar əkmək, yaşıllıqlar salmaq nə qədər xeyirxah və faydalı iş olsa da onları qorumaq bir o əqədər vacib bir məsələdir. Bu gün bu misilsiz sərvətin qorunması ilk növbədə onu sevən, gecə-gündüz keşiyində dayanan peşəkar meşəçilərin zəhməti hesabına mümkündür. Bununla yanaşı hazırda dünyanın bir çox ölkələrində tətbiq edilən müasir monitorinq texnologiyalarının Azərbaycanda da tətbiqi çox vacibdir. Çünki peyk sistemləri qanunsuz ağac kəsimi və yanğınların tez bir zamanda aşkarlanmasına imkan verir. Pilotsuz uçuş aparatlarının istifadəsi yüksək ərazilərdə, gediş-gəlişin çətin olduğu ərazilərdə meşə massivlərini izləməyə kömək edir.

Bir ekoloq kimi təcrübəmə və araşdırmalarıma əsaslanıb deyə bilərəm ki, meşə kimi qiymətli sərvətin keşikçiləri-meşəçilərdir. Ən ciddi problem də məhz meşəçi kadrlarla bağlıdır. Bu gün meşə təsərrüfatında ixtisaslı, peşəkar meşəçi kadrlar çatışmır. Bunun da əsas səbəblərindən biri əmək haqlarının aşağı olması və sosial təminatın kifayət qədər cəlbedici olmamasıdır. Meşəçinin işi kabinetdə deyil, dağlarda, dərələrdə, sərt hava şəraitində, kilometrlərlə piyada yol qət etməkdir. Bu, həm fiziki cəhətdən ağır, həm də böyük məsuliyyət tələb edən peşədir.

Bunu təsadüfən vurğulamıram. Meşəçilər meşələrin qorunmasında xüsusi rol oynayırlar. Onlar meşə ehtiyatlarının qorunması uğrunda mübarizənin ön cəbhəsindədirlər. Meşəçi peşəsi təkcə təbiət haqqında dərin bilik deyil, həm də yüksək dərəcədə məsuliyyət, fədakarlıq və çətin şəraitdə işləmək istəyi tələb edir.

Meşəçilərin vəzifələrinə meşə sağlamlığının monitorinqi, qanunsuz ağac kəsiminin qarşısının alınması, ağac xəstəliklərinin yayılmasının vaxtında müəyyən edilməsi, yanğınların qarşısının alınması işlərində iştirak və meşələrin bərpasının təşkili daxildir. Onlar müntəzəm olaraq təyin olunmuş ərazilərdə patrul xidməti göstərməli, ictimai maarifləndirmə kampaniyaları aparmalı və ekoloqlarla əməkdaşlıq etməlidirlər.

Müasir meşəçilər yalnız ənənəvi metodları deyil, həm də müasir texnologiyanı mənimsəməlidirlər. GPS naviqasiyasının, rəqəmsal xəritələrin, dronların və uzaqdan monitorinq sistemlərinin istifadəsi onların işinin ayrılmaz hissəsinə çevrilməlidir.

Sovet dönəmində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın meşə təsərrüfatı üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində yüzlərlə yüksək ixtisaslı mütəxəssis hazırlanmışdı. Məhz həmin nəslin zəhməti nəticəsində ölkəmizdə meşələrin qorunması, bərpası və yeni yaşıllıq sahələrinin salınması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Lakin bu gün həmin peşəkar nəslin sıraları tədricən seyrəlir və onların yerini dolduracaq yeni mütəxəssislərin hazırlanması strateji vəzifə kimi baxılmalıdır.

Gəlin dünyaya nəzər salaq. Bir çox ölkələrdə meşəçi peşəsi təbii irsin qorunması üçün ən vacib peşələrdən biri hesab olunur. Onların gündəlik işi ekoloji cinayətlərin qarşısını almağa, meşə ekosistemlərinin qorunmasına və meşə təsərrüfatının davamlı inkişafını təmin etməyə kömək edir. Bəs Azərbaycanda vəziyyət necədir?

Uzun illər ömrünü meşəçiliyə həsr edən insanlar bəzən yerində olmayan bir məmurun şəxsi ambisiyasının qurbanına çevrilir, bu peşədən üz döndərir. Bundan həmin insan yox, meşə təsərrüfatımız itkiyə məruz qalır. Ona görə də unutmamalıyıq ki, meşələri qoruyan insanı qorumadan meşələri qorumaq mümkün deyil. Bu gün meşəçiyə göstərilən qayğı, əslində, sabah Azərbaycanın yaşıl sərvətinin, ekoloji təhlükəsizliyinin və sağlam gələcəyinin qorunmasına qoyulan sərmayədir.

Son illərdə dövlət başçısının strateji sahə kimi əsas diqqət yetirdiyi sahələr Azərbaycanın meşə ehtiyatlarının bərpası, yaşıl ərazilərin artırılması və torpaqların deqradasiyası ilə mübarizə proqramlarının hazırlanıb həyata keçirilməsilə bağlıdır. Ətraf mühitin mühafizəsi tədbirlərinin regionun dirçəliş prosesinin vacib hissəsi olduğu Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində ekosistemlərin bərpasına xüsusi diqqət yetirilir və böyük layihələr reallaşdırılır.

Bu vəzifələrin uğurla həyata keçirilməsi yüksək ixtisaslı meşə təsərrüfatı mütəxəssislərinin iştirakı olmadan mümkün deyil. Amma, əvvəldə qeyd etdiyim kimi, onların sırası bu və digər səbəblərdən seyrəlib. Doğrudur gənclərimiz həm ölkəmizdə, həm də xaricdə yüksək ali təhsil alırlar. Lakin onların bir qisminin müxtəlif səbəblərdən Azərbaycana qayıtmaması bu sahədə peşəkar kadr ehtiyatının formalaşdırılmasını çətinləşdirir. Buna görə də meşəçilik peşəsinin nüfuzunun artırılması, əmək haqlarının və sosial təminatın yaxşılaşdırılması, gənc mütəxəssislər üçün daha əlverişli iş şəraitinin yaradılması mühüm vəzifələrdəndir.

Meşələri qorumaq təkcə ağacları qorumaq deyil. Bu, Azərbaycanın ekoloji təhlükəsizliyini, biomüxtəlifliyini və gələcək nəsillərin sağlam həyatını qorumaq deməkdir. Yaşıl sərvətimizi etibarlı əllərə etibar etmək üçün, ilk növbədə, o əllərin sahibinə – meşəçiyə layiq olduğu diqqət və qayğı göstərilməlidir.

Bu mənada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin kollektivinin meşələrin mühafizəsi, zənginləşməsi sahəsindəki fəaliyyətlini nümunə göstərmək istərdim. Cənub meşəçiləri Azərbaycanın meşə örtüyünün genişlənməsinə, qorunmasına və zənginləşməsinə böyük töhfələrilə seçilirlər.

Bir fakta xüsusi diqqət çəkmək istərdim: Azərbaycanın nadir bitkilərindən sayılan Lənkəran akasiyası “İpək gülü”, “İpək akasiyası” adı ilə tanınır. Lənkəran akasiyasının hündürlüyü 10 il müddətinə 12 metrə çatır. Çiçəkləri çox xoş ətirlidir. Təbii ətriyyat “istehsal” edən bitki kimi yaddaşlarımzda qalır. Arıçılıq üçün çox əlverişli bitki sayılır, çünki arıların akasıya gülündən çəkdiyi bal həm ətirli, həm də çox faydalıdır. Quraqlıga dözümlüdür. Çiçəklənməyə 4-5 ildən sonra başlayır. Vaxtı ilə Lənkəranda zonasında geniş yayılan bu bitki növü artıq tükənmək üzrədir və artıq Azərbaycanın “Qırmızı” kitabına düşüb. Bundan narahat olan təbiətsevərlərimiz və elm adamlarımız bu yaxınlarda akasiya bitkisinin inkişafı və bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliynin Meşələrin İnkişafı Xidmətinə müraciət etmişdilər. Əslində bu təşəbbüsün müəllifləri bizim cənub meşəçilər idi.

Çox çəkmədi ki, Lənkəran meşəçiləri böyük əziyyət bahasına toxum əldə etdilər. Hazırda on mindən çox akasiya şitili yetişdirmək məqsədilə xüsusi ərazi seçilmiş və toxumlar səpilmişdir. Meşəçilərimiz yüksək keyfiyyətli, sağlam tinglər yetişdirmək üçün bu şitilliklərə doğma övladları kimi qulluq edirlər. Həyata keçirilən bu təşəbbüsdən məlumatlandırılan Ekologiya və Təbii Sərvətlər Nazirliyi dərhal bu təşəbbüsü nəzarətə götürərək, meşəçilərimizə lazımi dəstək verilməsi barədə müvafiq qurumlara tapşırıqlar verib. Əlbəttə, Nazirliyin belə təşəbbüslərə operativ reaksiyası bizi sevindirməyə bilməz. Bu gün bütün cənub ziyalıları, elm adamlarımız, təbiətsevərlər bu çətin ancaq təbiətimizə şöhrət gətirəcək xeyirxah təşəbbüsə dəstək verdiyinə görə Ekologiya və Təbii Sərvətlər naziri cənab Rəşad İsmayılova minnətdarlıqlqrını bildirirlər.

Möhtərəm Prezidentimiz İlham Əliyev 2023-cü ili ulu öndər Heydər Əliyev ili elan edəndən az bir müddət sonra Cənub meşəçilərinin və ekoloqların birgə səyilə qəlbən təbiət vurğunu olan Ümumilli liderimiz 100 illiyinə layiqli töhfə kimi, dəmir agacı parkının təməli qouldu. İndi artıq həmin parkın ərazisi həm yerli, həm də xarici qonaqların ziyarət yerinə çevrilib.

Bütün bunlar görülən işlərin yalnız bir hissəsidir. Son bir neçə ildə Lənkəran, Lerik, Astara meşələrində geniş miqyaslı yaşıllaşdırma işləri aparılır. Minlərlə müxtəlif növ ağac tingi əkilir, yeni yaşıllıq zolaqları salınır, köhnəlmiş sahələr bərpa edilir. Xüsusilə yay aylarında meşələrin yanğından qorunması məqsədilə ciddi tədbirlər planı hazırlanır, nəzarət gücləndirilir, ərazilərə müntəzəm reydlər təşkil edilir.

Meşəçilərimizin bu münasibəti meşələrin sürətlə sıxlaşmasına gətirib çıxarır. Məhz bu işlərə görədir ki, xalq arasında bu bölgənin meşəçilərini “Yaşıl Akademiyanın müəllimləri” adlandırırlar. Son illərdə cənub meşəçilərin sayəsində, demək olar ki, qanunsuz ağac qırıntılarına son qoyulub. Meşələrimiz rahat nəfəs alır və sözün əsl mənasında, yeni həyat yaşayır. Ancaq bəzi ərazilərdə neqativ hallar var. Ümidvarıq ki, meşə talançıları tezliklə ifşa olunacaq.

Bu mənada, əlbəttə unutmamalıyıq ki, minlərlə tingin sadəcə torpağa əkilməsi kifayət deyil. Onların kök atması, böyüməsi, nəhəng ağaca çevrilməsi illərin zəhmətini, fədakarlığını və səbrini tələb edir. Meşədə boy verən hər ağcın arxasında bir meşəçinin alın təri, zəhməti, sevgisi və ömründən ayırdığı vaxt var. Bunu əsla heç nə ilə əvəz etmək olmaz.

Təəssüf ki, bəzi insafsızlar buna dəyər vermək yerinə, şəxsi ambisiyalarını üstün tutub “ağla qaranı qarışdırır” və bu fədakar insanların zəhmətinə kölgə salmaq istəyirlər. Təbii ki, meşəçilər belə ədalətsizliklərlə qarşılaşanda çox üzülürlər. Axı bu onların gərgin, sözün əsl mənasında fədakar əməyini yerə vurmaqdır.
Lənkəranın, Astaranın, Lerikin, Masallının, Yardımlı və Cəlilabadın qorunan yaşıllıqları təkcə təbiətimizin gözəlliyi deyil, həm də meşəçilərimizin zəhmətinin bəhrəsidir. Bu insanların əməyinə hörmətlə yanaşmaq, onların işini qiymətləndirmək hər bir vətəndaşın borcudur.

Bəxtiyar HÜSEYNOV,
yazıçı-publisist, təqaüddə olan dövlət qulluqçusu