Milli Mətbuat Günü: Müasir Jurnalistikanın Vətəndaşlıq Missiyası və İnformasiya Cəbhəsi

22 İyul 2026 22:02 (UTC+04:00)

​1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan milli mətbuatı, sadəcə informasiya daşıyıcısı deyil, həm də xalqın maariflənməsi, milli özünüdərki və dövlətçilik təfəkkürünün formalaşması üçün mübarizə meydanı olmuşdur. Bu gün Milli Mətbuat Gününü qeyd edərkən, keçilən tarixi yola nəzər salmaqla yanaşı, müasir jurnalistikanın qarşısında duran strateji vəzifələri və dəyişən qlobal reallıqları təhlil etmək xüsusi əhəmiyyət kəsb edir.

​Rəqəmsallaşma çağında jurnalistika köklü transformasiyaya uğrayıb. Sosial şəbəkələrin, sosial media platformalarının və süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya axınını misilsiz dərəcədə sürətləndirib. Lakin bu sürət özü ilə birlikdə böyük risklər də gətirir.
​Bu baxımdan müasir jurnalistin əsas vəzifəsi təkcə xəbəri ilk verən olmaq değil, həm də doğru, dəqiqləşdirilmiş və obyektiv məlumatı cəmiyyətə çatdırmaqdır.
​Müstəqil və suveren dövlətin jurnalistikası cəmiyyətin "güzgüsü" olmaqla yanaşı, həm də milli maraqların və dövlətçilik sütunlarının qoruyucusudur. Jurnalistin obyektivliyi onun öz ölkəsinə, xalqına və dövlətinə qarşı tərəfsiz (laqeyd) olması demək değildir.

Jurnalistikanın vətəndaş mövqeyi – həqiqəti müdafiə edərkən milli maraqları, dövlət suverenliyini və cəmiyyətin həmrəyliyini üstün tutmaq, peşə fəaliyyətini yüksək məsuliyyət hissi ilə yerinə yetirməkdir.
​Azərbaycanın zəfərləri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması fonunda milli mətbuatımızın üzərinə düşən məsuliyyət bir daha artmışdır. Suveren dövlətin media mənsubu baş verən proseslərə fərd kimi deyil, dövlətçilik təfəkkürü və vətəndaş cavabdehliyi prizmasından yanaşmalıdır.
​Bu gün Azərbaycan beynəlxalq müstəvidə zaman-zaman ikili standartlar, qərəzli yanaşmalar və məqsədyönlü dezinformasiya kampaniyaları ilə üz-üzə qalır. Bəzi xarici media qurumları və beyin mərkəzləri, çox təəssüf olsun ki, elə həmin qurumların və mərkəzlərin əlaltıları olan ölkə daxilindəki maraqlı güclər də regiondakı reallıqları təhrif edərək ölkəmiz haqqında yanlış təsəvvürlər formalaşdırmağa cəhd göstərirlər. Bu kimi informasiya hücumlarının qarşısının alınmasında ədalətli və peşəkar jurnalist mövqeyi həlledici rol oynayır.
Ədalətli jurnalist mövqeyi hücum xarakterli deyil, sübuta yetirilmiş həqiqətlərə əsaslanan təsirli və arqumentli cavab strategiyası tələb edir.
​"Əkinçi"dən başlayan 150 ilə yaxın şərəfli yol bu gün müasir, çevik və prinsipial Azərbaycan mediası ilə davam edir. Müasir jurnalist həm texnoloji yenilikləri mənimsəyir, həm də Həsən bəy Zərdabi irsindən gələn maarifçilik və vətənpərvərlik ənənələrinə sadiqlik nümayiş etdiirir.
​Ölkəmiz haqqında yaradılmaq istənən yanlış təsəvvürlərə qarşı ən güclü silahımız sözün çəkisi, faktın dəqiqliyi və jurnalistin sarsılmaz vətəndaş mövqeyidir. Milli Mətbuat Günü bu məsuliyyətli missiyanı bir daha xatırlamaq və gələcəyə daha inamlı addımlamaq üçün mühüm bir fürsətdir.

Jalə Əliyeva,

Milli Məclisin deputatı