“TotalEnergies” Fransada yanacaq qiymətlərinə yenidən limit tətbiq edir

22 İyul 2026 20:23 (UTC+04:00)

“TotalEnergies” şirkəti Yaxın Şərqdə artan gərginlik və beynəlxalq neft bazarında qiymətlərin bahalaşması səbəbindən Fransadakı bütün yanacaqdoldurma məntəqələrində yanacağın satışına yenidən qiymət limiti tətbiq edildiyini açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, əvvəllər tətbiq olunmuş qiymət məhdudiyyəti bərpa olunur. Qərara əsasən, benzinin litri maksimum 1,99 avro, dizel yanacağının litri isə maksimum 2,25 avrodan baha satılmayacaq.

“TotalEnergies” həmçinin iyunun 30-da elan etdiyi yay aksiyasını da davam etdirəcəyini bildirib. Fransanın avtomagistrallarında yerləşən yanacaqdoldurma məntəqələrində avqust ayının istirahət günlərində həm benzin, həm də dizel yanacağının qiyməti 1,99 avro/litr səviyyəsində sabit saxlanılacaq.

Məlumatda qeyd olunur ki, “TotalEnergies Electricité & Gaz” xidmətinin güzəşt proqramına qoşulan, eləcə də şirkətlə yeni elektrik və ya qaz müqaviləsi bağlayan fərdi müştərilər 2026-cı ilin sonunadək həm benzin, həm də dizel üçün 1,99 avro/litr limitindən yararlanacaqlar. Endirim məbləği alış-veriş qəbzində əks olunacaq.

Şirkət bu addımı Yaxın Şərqdə son aylarda kəskinləşən siyasi gərginliklə əlaqələndirib.