22 İyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix milli mətbuatımızın əsası sayılan "Əkinçi" qəzetinin nəşrə başlaması ilə bağlıdır və hər il media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Ötən illər ərzində Azərbaycan mətbuatı müxtəlif inkişaf mərhələlərindən keçərək ənənəvi çap mediasından rəqəmsal platformalara qədər geniş bir yol qət edib.
Müasir dövrdə informasiyanın sürətlə yayılması, rəqəmsal texnologiyaların inkişafı və süni intellektin media sahəsinə daxil olması jurnalistikanın fəaliyyət prinsiplərinə yeni yanaşmalar gətirib. Bununla yanaşı, operativlik, dəqiqlik, peşə etikası və cəmiyyətin etibarlı informasiya ilə təmin edilməsi medianın əsas missiyası olaraq qalır. Bu gün media yalnız xəbər yayan platforma deyil, həm də ictimai rəyin formalaşmasına, maarifləndirməyə və dövlət-cəmiyyət dialoqunun inkişafına töhfə verən mühüm institutlardan biridir.
22 İyul – Milli Mətbuat Günü həm də jurnalistikanın dünəninə nəzər salmaq, bu gününü qiymətləndirmək və gələcək inkişaf istiqamətlərini müzakirə etmək üçün əhəmiyyətli fürsətdir. Peşəkar medianın qarşısında duran çağırışlar, informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə və rəqəmsal transformasiya bu gün də gündəmdə olan əsas məsələlərdəndir.
Bəs görəsən baş redaktorlar Azərbaycan mətbuatının bugünkü vəziyyətini necə qiymətləndirirlər? Onların fikrincə, medianın qarşısında duran əsas çağırışlar hansılardır və Milli Mətbuat Gününün bugünkü jurnalistika üçün əhəmiyyəti nədən ibarətdir?
SİA mövzu ilə bağlı baş redaktorlar arasında sorğu keçirib.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev:
"22 İyul – Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik və milli jurnalistika ənənələrinin bayramıdır. Bu tarix həm də müasir Azərbaycan mediasının keçdiyi inkişaf yoluna və qarşıda duran vəzifələrə nəzər salmaq üçün əlamətdar gündür.
Bu gün Azərbaycan mediası rəqəmsal transformasiya dövrünü yaşayır, qlobal informasiya məkanında milli maraqların müdafiəsində getdikcə daha mühüm rol oynayır. Xüsusilə Vətən müharibəsindən sonra informasiya cəbhəsinin əhəmiyyəti daha da artıb. Artıq informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Buna görə də media yalnız xəbəri çatdıran vasitə deyil, həm də dezinformasiyaya qarşı mübarizədə, ictimai həmrəyliyin möhkəmləndirilməsində və dövlətin informasiya suverenliyinin qorunmasında strateji əhəmiyyət daşıyır.
Bu istiqamətdə dövlət, media və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı xüsusi önəm kəsb edir. Birgə fəaliyyət cəmiyyətin media savadlılığını artırır, saxta məlumatların təsirini azaldır və milli maraqların daha etibarlı müdafiəsinə xidmət edir.
Peşəkar jurnalistikanın əsas çağırışı sürət naminə həqiqətdən uzaqlaşmamaq, əsas prioriteti isə cəmiyyətin etimadını qorumaqdır. Obyektivlik, dəqiqlik, məsuliyyət və peşə etikası hər zaman jurnalistikanın əsas prinsipləri olaraq qalmalıdır.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara milli maraqlara, dövlətçiliyə və peşə prinsiplərinə sadiq fəaliyyətlərində yeni uğurlar arzulayıram".
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: 
"Medianın inkişafı və müstəqil fəaliyyətinin təmin edilməsi dövlət siyasətinin ana xəttini təşkil edən əsas prioritetlərdəndir. Hər bir tarixi mərhələnin özünəməxsus tələbləri olduğu kimi, müasir dövrün çağırışları da mətbuatın davamlı olaraq yenilənməsini və təkmilləşməsini zəruri edir. Müstəqillik dövrünün inkişaf dinamikasına nəzər saldıqda aydın görünür ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi media məkanında da keyfiyyətcə yeni bir mərhələ başlatdı. Məhz bu dövrdən etibarən müasir Azərbaycan mediasının formalaşması, inkişafı üçün geniş imkanlar yarandı. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırıldı, redaksiyaların davamlı inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi, peşəkarlığının artırılması məqsədilə ardıcıl tədbirlər görüldü.
Son 22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin mətbuatın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Bütün dünyanı əhatə edən informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu hazırkı dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac yaranması dövlətimizin başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında öz təsdiqini tapdı. Fərmana əsasən, medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Medianın İnkişafı Agentliyinin yaradılması, eyni zamanda, “Media haqqında” yeni Qanunun qəbulu dövrün çağırışlarını özündə ehtiva edir.
Müasir informasiya mühitində medianın üzərinə düşən məsuliyyət daha da artıb və bu, jurnalistikanın yalnız operativlik deyil, həm də yüksək peşəkarlıq tələb edən sahə olduğunu göstərir. Bu gün Azərbaycan mediası rəqəmsal transformasiyanın yaratdığı imkanlardan geniş istifadə edir. Onlayn media platformalarının inkişafı, süni intellekt və rəqəmsal texnologiyaların media fəaliyyətinə inteqrasiyası informasiyanın daha sürətli və əlçatan şəkildə auditoriyaya çatdırılmasına şərait yaradır. Bu proses media institutlarının çevikliyini artırmaqla yanaşı, onların cəmiyyətlə daha səmərəli kommunikasiya qurmasına da imkan verir. Lakin texnoloji inkişaf jurnalistikanın əsas prinsiplərini dəyişmir. Əksinə, informasiya bolluğu və sürətli xəbər dövriyyəsi şəraitində peşəkar medianın fərqləndirici cəhəti dəqiq, yoxlanılmış və balanslı məlumat təqdim etməsidir. Məhz etibarlı informasiya cəmiyyətin mediaya olan inamını formalaşdıran əsas amildir. Peşəkar jurnalistikanın qarşısında duran ən böyük çağırış informasiya sürəti ilə informasiya keyfiyyəti arasında düzgün balansın qorunmasıdır. Faktların yoxlanılması, etibarlı mənbələrə istinad edilməsi və etik jurnalistika prinsiplərinə sadiqlik medianın nüfuzunu müəyyən edən əsas meyarlardır. Digər mühüm istiqamət media savadlılığının inkişafıdır. Müasir dövrdə yalnız jurnalistlərin deyil, informasiya istehlakçılarının da etibarlı və qeyri-dəqiq məlumatları ayırd etmək bacarığına malik olması vacibdir. Bu baxımdan media qurumları cəmiyyətin maarifləndirilməsində də mühüm rol oynayırlar. Azərbaycan mediasının gələcək inkişaf perspektivlərini müsbət qiymətləndirmək olar. Peşəkar jurnalistikanın əsas prioriteti hər zaman ictimai maraqlara xidmət edən, obyektiv, məsuliyyətli və etibarlı informasiya təqdim etməkdir. Dəyişən texnologiyalar və yeni kommunikasiya vasitələri bu missiyanın həyata keçirilməsi üçün yeni imkanlar yaradır. Əsas məsələ isə bu imkanlardan peşəkarlıq və yüksək məsuliyyət hissi ilə istifadə etməkdir. Məhz bu yanaşma Azərbaycan mediasının gələcək inkişafının və cəmiyyətin informasiya təhlükəsizliyinin əsas təminatlarından biri olacaq".
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev:
"Milli mətbuatımızın yaranmasının 151 illiyi tamam olur. Bu müddət ərzində Azərbaycan mətbuatı böyük inkişaf yolu keçərək müxtəlif mərhələlərdən keçib, media tarixinin əsas inkişaf dövrlərini yaşayıb.
Çap mediasından radioya, televiziyaya, daha sonra isə rəqəmsal mediaya keçid milli media sistemimizin formalaşmasına və inkişafına mühüm töhfə verib.
Bu gün Azərbaycan mediası dövlətçiliyin mühüm institutlarından birinə çevrilib. Media həm dövlətin dəstəyindən faydalanır, həm də cəmiyyəti narahat edən problemlərin gündəmə gətirilməsi, ictimai rəyin formalaşdırılması və dövlət siyasətinin cəmiyyətə çatdırılması baxımından əhəmiyyətli rol oynayır. Təsadüfi deyil ki, müasir dövrdə dövlətimizi və cəmiyyətimizi hədəf alan informasiya təhdidlərinə qarşı mübarizədə media mühüm vasitələrdən biri kimi çıxış edir.
Bununla yanaşı, medianın tam ideal vəziyyətdə olduğunu iddia etmək də doğru olmazdı. Xüsusilə informasiya mənbələrinə bütün media subyektlərinin bərabər və geniş çıxış imkanlarının təmin edilməsi istiqamətində görüləsi işlər hələ də qalmaqdadır. Bu imkanların genişləndirilməsi media orqanları arasında sağlam rəqabətin güclənməsinə, jurnalistlərin peşəkarlığının artmasına və cəmiyyətin daha dolğun, operativ informasiya ilə təmin olunmasına müsbət təsir göstərəcək.
Sevindirici haldır ki, Azərbaycan mediası bu gün dövlət maraqlarını qoruyan, milli maraqlara xidmət edən media kimi formalaşıb. Dünyanın əksər ölkələrində olduğu kimi, media həm peşəkar, həm ictimai məsuliyyət daşıyan, həm də dövlətçilik prinsiplərinə sadiq fəaliyyət göstərən mühüm bir institutdur.
Azərbaycan mediasının dövlətçi yanaşması ilə yanaşı, ictimai maraqları müdafiə edən, cəmiyyətin problemlərini obyektiv şəkildə işıqlandıran media kimi daha da inkişaf etməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu iki istiqamətin – dövlətçilik və ictimai məsuliyyət prinsiplərinin vəhdəti milli medianın gələcək inkişafının əsas təminatlarından biridir".
Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli:
"Bu gün Azərbaycan mediası özünün mühüm inkişaf mərhələsini yaşayır. Son illərdə media sahəsində həyata keçirilən islahatlar, institusional yeniliklər və media mühitinin inkişafına yönəlmiş tədbirlər nəticəsində Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoyub.
Sevindirici haldır ki, bu gün Azərbaycan jurnalistləri artıq təkcə yerli informasiya məkanında deyil, beynəlxalq media ilə də daha sıx əməkdaşlıq edirlər. Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq tədbirlərin peşəkar şəkildə işıqlandırılması, xarici media nümayəndələri ilə əlaqələrin genişlənməsi, tanınmış jurnalistlərin ölkəmizə dəvət olunması və müxtəlif təlim proqramlarının təşkili milli medianın beynəlxalq informasiya məkanına inteqrasiyasını daha da gücləndirib.
Hazırda Azərbaycan jurnalistlərinin qarşısında duran ən mühüm vəzifələrdən biri dezinformasiyaya və saxta xəbərlərə (fake news) qarşı mübarizə aparmaqdır. Sosial şəbəkələrin sürətlə inkişaf etdiyi müasir dövrdə yanlış və təsdiqlənməmiş məlumatlar çox qısa zamanda geniş auditoriyaya yayıla bilir. Belə şəraitdə peşəkar jurnalistin əsas missiyası cəmiyyətə dəqiq, obyektiv, operativ və etibarlı informasiya çatdırmaqdır.
Müasir dövrdə jurnalistin işi əvvəlki illərlə müqayisədə daha məsuliyyətli və mürəkkəb xarakter daşıyır. Çünki vətəndaş jurnalistikası geniş yayılıb və informasiya paylaşmaq imkanı demək olar ki, hər kəs üçün əlçatandır. Buna görə də peşəkar jurnalist öz bilik səviyyəsi, etik davranışı, faktların dəqiq yoxlanılması və obyektivliyi ilə fərqlənməli, cəmiyyətin etimadını qorumağı bacarmalıdır.
Bu baxımdan Azərbaycan mediasının əsas prioritetləri dezinformasiyaya qarşı mübarizə aparmaq, rəqəmsal texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə etmək və ictimaiyyətin düzgün məlumatlandırılmasını təmin etməkdən ibarətdir.
Eyni zamanda, jurnalistlər dövrün tələblərinə uyğun olaraq sosial media platformalarında daha fəal iştirak etməlidirlər. Cəmiyyətin ən çox istifadə etdiyi rəqəmsal platformalarda peşəkar jurnalistlərin aktivliyi düzgün və etibarlı informasiyanın yayılması baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki peşəkar media həmin məkanda kifayət qədər təmsil olunmadıqda, yanlış və təsdiqlənməmiş məlumatlar daha sürətlə yayılır və bu, ümumilikdə informasiya mühitinə mənfi təsir göstərir.
Məhz buna görə də həm media qurumları, həm də jurnalistlər rəqəmsal platformalarda fəaliyyətlərini daha da gücləndirməli, cəmiyyətə etibarlı informasiya çatdırmaq missiyasını yeni media mühitində də uğurla davam etdirməlidirlər".