Yay mövsümündə mövsümi meyvələrin qiyməti niyə ucuzlaşmır? - EKSPERT DANIŞDI

22 İyul 2026 12:10 (UTC+04:00)

“Mövsümi meyvə və tərəvəz məhsullarının qiymətlərində müşahidə olunan artımı yalnız gübrə qiymətlərinin bahalaşması ilə əlaqələndirmək düzgün yanaşma deyil. Bu prosesə təsir edən bir sıra daxili və xarici amillər mövcuddur”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı - ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, ilk növbədə, son dövrlərdə qeyri-sabit hava şəraiti kənd təsərrüfatında məhsuldarlığa ciddi təsir göstərir:

”Yaz və yay aylarında yağıntıların normadan artıq və ya az olması, temperatur dəyişiklikləri, dolu, quraqlıq kimi təbiət hadisələri məhsulun həcmini azaldır. Məhsulun bazara daha az həcmdə çıxması isə təbii olaraq qiymətlərin yüksəlməsinə səbəb olur.

Digər mühüm amil enerji daşıyıcılarının qiymətlərində baş verən artımdır. Enerji qiymətlərinin bahalaşması təkcə istehsal prosesinə deyil, eyni zamanda gübrələrin istehsal və daşınma xərclərinə də birbaşa təsir göstərir. Xüsusilə azot gübrələrinin istehsalında təbii qaz əsas xammallardan biri hesab olunduğuna görə qazın qiymətindəki dəyişikliklər gübrənin maya dəyərini artırır. Bununla yanaşı, yanacaq qiymətlərinin yüksəlməsi məhsulların daşınması, saxlanılması və logistika xərclərini də artıraraq son qiymətlərə təsir edir.

Əgər enerji qiymətlərində bahalaşma uzun müddət davam edərsə, hökumətin bazarda qiymət sabitliyini qorumaq üçün müəyyən addımlar atması zəruri ola bilər. Belə hallarda alternativ bazarlardan daha sərfəli şərtlərlə gübrə idxalının təşkili, eləcə də fermerlərə dövlət subsidiyalarının artırılması qiymət artımının qarşısının alınmasına kömək edə bilər. Dövlət dəstəyi həm istehsalçıların xərclərinin azalmasına, həm də son istehlakçı üçün qiymətlərin nisbətən sabit saxlanılmasına imkan yarada bilər.

Eyni zamanda Azərbaycanın bu sahədə müəyyən üstünlükləri də mövcuddur. Sumqayıt şəhərində fəaliyyət göstərən Karbamid zavodu ölkənin gübrə təminatında mühüm rol oynayır. Zavodda istehsal olunan karbamid və digər azot əsaslı gübrələr daxili bazarın tələbatının qarşılanmasına əhəmiyyətli töhfə verir. Daxili istehsal imkanlarının genişləndirilməsi, istehsal gücünün artırılması və məhsulun yerli fermerlər üçün daha əlçatan qiymətlərlə təqdim olunması idxaldan asılılığın azalmasına və bazarda qiymətlərin daha sabit qalmasına şərait yarada bilər.

Hazırkı mərhələdə qiymətlərdə müşahidə olunan artımın müəyyən qədər mövsümi xarakter daşıdığını da nəzərə almaq lazımdır. Yazın sonu və yay aylarında əhalinin əhəmiyyətli hissəsi Bakı və digər iri şəhərlərdən rayonlara və kəndlərə üz tutur. Bu isə iri şəhərlərdə meyvə-tərəvəz məhsullarına olan tələbatın müəyyən qədər azalmasına səbəb olur. Digər tərəfdən, meyvə və tərəvəz tez xarab olan məhsullar kateqoriyasına aid olduğundan satıcılar və topdansatış bazarları məhsulu uzun müddət saxlaya bilmirlər. Bu səbəbdən qiymətlərin həddindən artıq artırılması iqtisadi baxımdan sərfəli hesab edilmir, çünki satışın azalması məhsul itkisi ilə nəticələnə bilər.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, fermerlər və kənd təsərrüfatı istehsalçıları istifadə etdikləri gübrələrin böyük hissəsini əvvəlki dövrlərdə alaraq anbarlarında ehtiyat kimi saxlayıblar. Buna görə də gübrə bazarında son qiymət dəyişiklikləri dərhal istehsal xərclərinə tam şəkildə təsir göstərmir. Yaxın aylarda qiymətlərdə yalnız məhdud və cüzi artımların müşahidə olunması daha real görünür.

Lakin enerji bazarında bahalaşma tendensiyası davam edər və təbii qaz, elektrik enerjisi, yanacaq qiymətlərində ciddi ucuzlaşma baş verməzsə, bu təsirlər payız mövsümündən, xüsusilə sentyabr ayının əvvəlindən etibarən kənd təsərrüfatı məhsullarının maya dəyərində daha qabarıq hiss olunacaq. Nəticədə həm gübrənin, həm istehsalın, həm də logistikanın bahalaşması meyvə və tərəvəz məhsullarının satış qiymətlərində daha nəzərəçarpan artımlara səbəb ola bilər. Bu baxımdan bazarda qiymət sabitliyinin qorunması üçün daxili istehsalın gücləndirilməsi, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və alternativ tədarük mənbələrinin genişləndirilməsi əsas həll yollarından biri kimi qiymətləndirilir”.