Özbaşına tikinti və qanunsuz yenidənqurma işləri təkcə inzibati deyil, müəyyən hallarda cinayət məsuliyyəti də yarada bilər. Xüsusilə insanların həyat və sağlamlığı üçün real təhlükə yaradan qanunsuz tikinti və konstruksiya dəyişiklikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə məsuliyyətə səbəb olur.
Vəkil Asif Mustafayev SİA-ya açıqlamasında bildirib ki, bu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır.

Onun sözlərinə görə, qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan özbaşına bina və qurğuların tikilməsi, mövcud tikililərin konstruksiyasında dəyişiklik edilməsi, eləcə də tikililərin funksional təyinatı dəyişdirilməklə onlarda yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdığı halda cinayət məsuliyyəti nəzərdə tutulur.
Vəkil qeyd edib ki, bu hallarda təqsirli şəxs iki ilədək müddətə islah işləri, iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.
Ayşən Vəli