"Çoxumuz elə düşünürük ki, insan səhvini qəbul edirsə, növbəti addım avtomatik olaraq “Üzr istəyirəm” demək olmalıdır. Amma psixoloji baxımdan bu iki bacarıq eyni deyil. Bəzi insanlar daxilən səhv etdiklərini anlayırlar, lakin bunu sözlə ifadə etmək onlar üçün təhlükəli hiss olunur".
Bu sözləri SİA-ya açıqlamasında İngla Kids and Preschool-un direktor müavini, psixoloq Aysu Həsənzadə deyib.
.jpg)
Onun sözlərinə görə, üzr istəmək sadəcə bir cümlə demək deyil, insanın öz müdafiə mexanizmlərini bir anlıq kənara qoyması deməkdir. Hər kəs buna hazır olmur:
"Bunun arxasında müxtəlif səbəblər ola bilər. Məsələn, uşaqlıqda səhv etdikdə anlayışla qarşılanmaq əvəzinə daim tənqid olunan və ya utandırılan insanlar böyüdükdə səhvi “Mən pis insanam” kimi qəbul edə bilirlər. Belə olduqda üzr istəmək onlar üçün sadəcə səhvi etiraf etmək deyil, həm də öz dəyərlərini itirmək kimi hiss olunur.
Digər maraqlı məqam isə budur ki, bəzən üzr istəməyən insanlar əslində özünə həddindən artıq güvəndikləri üçün yox, əksinə, kifayət qədər güvənmədikləri üçün bunu edə bilmirlər. Sağlam özünəinamı olan insan bilir ki, “Mən səhv etdim” demək onun şəxsiyyətini kiçiltmir. Öz dəyərindən əmin olmayan biri isə bunu zəiflik və ya məğlubiyyət kimi yaşayır.
Şəxsiyyət xüsusiyyətləri də burada rol oynaya bilər. Məsələn, müdafiə mövqeyində olmağa meyilli insanlar məsuliyyəti üzərinə götürməkdə çətinlik çəkə, günahı daha çox şəraitin və ya qarşı tərəfin üzərinə yönəldə bilərlər. Ancaq bunu hər zaman hansısa şəxsiyyət pozuntusu ilə əlaqələndirmək doğru olmaz. Çox vaxt bu, insanın illərlə öyrəndiyi davranış modelidir.
Bir məqamı da unutmamaq lazımdır ki, bəzi insanlar “Üzr istəyirəm” sözünü deməsələr də, bunu davranışları ilə göstərməyə çalışırlar. Daha diqqətli olurlar, münasibəti düzəltmək üçün addımlar atırlar, qayğı göstərirlər. Əlbəttə, bu, hər zaman kifayət etmir. Çünki qarşı tərəf üçün sözlə ifadə olunan üzr də emosional sağalma prosesinin vacib hissəsi ola bilər.
Əslində, üzr istəmək zəiflik deyil. Bu, insanın emosional yetkinliyinin göstəricilərindən biridir. Çünki bunun üçün həm məsuliyyəti qəbul etmək, həm də eqonu bir kənara qoyaraq münasibəti haqlı çıxmaq istəyindən daha dəyərli hesab etmək lazımdır.