“Azərbaycan Avropa iqtisadi məkanında etibarlı mövqeyini möhkəmləndirir” - ŞƏRH

21 İyul 2026 18:53 (UTC+04:00)

“Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşü Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu görüş ilk növbədə Almaniyanın biznes dairələrinin Azərbaycana olan marağının davam etdiyini göstərir:

“Azərbaycan artıq təkcə enerji ixracatçısı kimi deyil, həm də nəqliyyat-logistika, yaşıl enerji, sənaye, rəqəmsal iqtisadiyyat və investisiya mühiti baxımından etibarlı tərəfdaş kimi qəbul olunur.

Almaniya İqtisadiyyatının Şərq Komitəsi uzun illərdir Alman şirkətlərinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu baxımdan Komitə rəhbəri ilə keçirilən görüş yeni investisiya layihələrinin, sənaye əməkdaşlığının və texnologiya transferinin genişlənməsi üçün əlavə imkanlar yarada bilər.

Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatlar, əlverişli biznes mühiti, Orta Dəhlizin artan strateji əhəmiyyəti və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Almaniya biznesinin marağını daha da artırır. Xüsusilə qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi gələcək dövrdə ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri ola bilər.

Bu görüş bir daha göstərir ki, Azərbaycan Avropa iqtisadi məkanında etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısının apardığı praqmatik xarici iqtisadi siyasət ölkəmizə yeni investisiyaların cəlb olunmasına, ixrac imkanlarının genişlənməsinə və iqtisadiyyatın şaxələndirilməsi prosesinə mühüm töhfə verir”.