Azyaşlılara qarşı zorakılıq: uşaqlar necə qorunmalı, valideynlər nə etməlidir? - PSİXOLOQ AÇIQLADI

21 İyul 2026 18:43 (UTC+04:00)

Azyaşlılara qarşı fiziki və psixoloji zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurmaqda davam edir. Son günlər sosial şəbəkələrdə azyaşlıya qarşı fiziki zorakılığı əks etdirən görüntülərin yayılmasından sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Baş verən hadisə uşaqların təhlükəsizliyinin təmin olunması və zorakılığın qarşısının alınması istiqamətində maarifləndirmənin vacibliyini bir daha gündəmə gətirib.

Bəs belə halların qarşısını almaq üçün valideynlər və uşaqlar hansı psixoloji və maarifləndirici təlimlərə cəlb olunmalıdır? Uşaqlara zorakılıqla qarşılaşdıqları zaman necə davranmalı olduqları hansı üsullarla öyrədilməlidir?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, uşaqlara qarşı zorakılıq təkcə fiziki şiddətlə məhdudlaşmır:

“Valideynlərin övladlarına qışqırması, onları alçaldan ifadələr işlətməsi, davamlı qorxu hissi yaratması və kobud münasibət göstərməsi də psixoloji zorakılıq sayılır. Bu cür davranışlar uşağın emosional inkişafına mənfi təsir edir və gələcəkdə müxtəlif psixoloji travmaların formalaşmasına səbəb ola bilər.

Erkən yaşlarda yaşanan zorakılıq sonradan müxtəlif qorxuların və davranış pozuntularının yaranmasına gətirib çıxara bilər. Məsələn, ağır psixoloji sarsıntı keçirən uşaqlarda qapalı məkan qorxusu, təşviş və digər narahatlıqların meydana çıxması mümkündür. Bu təsirlər illər keçdikcə daha aydın hiss olunur.

Valideynlər uşaqları ilə açıq ünsiyyət qurmalı, təhlükəsizlik qaydalarını onların yaşına uyğun formada izah etməli və ilk növbədə öz davranışları ilə düzgün nümunə göstərməlidirlər. Xüsusilə məktəbəqədər yaş dövründə rollu oyunlardan istifadə etməklə uşaqlara təhlükəli vəziyyətlərdə necə davranmalı olduqları daha asan öyrədilə bilər.

Uşaqların oyuncaqlarla davranışı da onların psixoloji vəziyyəti haqqında müəyyən məlumat verir. Uşaqlar çox vaxt ailədə gördükləri münasibəti oyun zamanı təkrarlayırlar. Fiziki və ya psixoloji təzyiqə məruz qalan uşaqlar bunu oyuncaqları ilə aqressiv davranışlar sərgiləməklə ifadə edə bilərlər.

Valideyn övladının yaş xüsusiyyətlərini və psixoloji ehtiyaclarını nəzərə almaqda çətinlik çəkirsə, vaxt itirmədən uşaq psixoloqu və ya digər mütəxəssislərin dəstəyinə müraciət etməlidir”.