Sükan arxasında mobil telefondan istifadə Azərbaycan qanunvericiliyi ilə qadağan edilir. Bununla belə, sürücülər arasında tez-tez belə bir sual yaranır: avtomobil tıxacda və ya qırmızı işıqda tam dayanıbsa, bu zaman telefondan istifadəyə görə inzibati məsuliyyət yarana bilərmi?
Məsələ ilə bağlı vəkil Fuad Məmmədov SİA-ya açıqlamasında bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət nəqliyyat vasitəsinin hərəkətdə olduğu hallarda nəzərdə tutulur:
“Həm “Yol hərəkəti haqqında” Qanunda, həm də İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində sürücünün mobil telefonu əldə saxlayaraq ondan istifadə etməsinin yalnız avtomobil hərəkətdə olarkən qadağan edildiyi göstərilir. Bu səbəbdən inzibati xətanın tərkibi də məhz həmin şəraitdə yaranır.
Avtomobil tıxac və ya digər səbəbdən tam dayanmış vəziyyətdə olduqda, həmin normanın tətbiqi hüquqi baxımdan birmənalı hesab edilmir. İnzibati hüquqda analogiya və geniş şərhə yol verilmədiyindən, hərəkətsiz avtomobildə telefondan istifadə bu maddənin tələblərinə tam uyğun gəlməyə bilər. Bununla belə, hüquq tətbiqi praktikasında fərqli yanaşmalar mümkündür.
Burada iki mühüm məsələ nəzərə alınmalıdır. Birincisi, “hərəkət” anlayışının necə qiymətləndirilməsidir. Onun sözlərinə görə, bəzi hallarda işıqforda və ya tıxacda qısa müddətli dayanma hərəkətin tərkib hissəsi kimi qəbul oluna bilər və bu vəziyyət park edilmiş avtomobildən fərqli qiymətləndirilə bilər.
İkinci məsələ isə qanunvericilikdə “istifadə” anlayışının dəqiq izahının verilməməsidir. Vəkilin sözlərinə görə, bu anlayışın sərhədlərinin konkret müəyyən edilməməsi normanın tətbiqində müxtəlif hüquqi yanaşmaların ortaya çıxmasına səbəb olur.
Nəticə etibarilə, mövcud qanunvericiliyə əsasən mobil telefondan istifadəyə görə inzibati məsuliyyət nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman yaranır. Avtomobil tam dayanmış vəziyyətdə olduqda isə həmin normanın tətbiqi hüquqi mübahisə predmeti ola bilər.
Bununla belə, mümkün hüquqi anlaşılmazlıqların qarşısını almaq və yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərə tıxacda və ya işıqforda gözləyərkən də mobil telefondan istifadə etməmələri tövsiyə edilir”.