"Azərbaycanın regional bazarlara çıxış imkanları artır" - POLİTOLOQ

21 İyul 2026 15:06 (UTC+04:00)

"Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşü Azərbaycan–Almaniya iqtisadi münasibətlərinin yeni mərhələyə keçməsi baxımından əhəmiyyətli siyasi və iqtisadi mesajlar verir. Bu görüş göstərir ki, Azərbaycan Avropanın aparıcı iqtisadi gücü olan Almaniya ilə əlaqələri təkcə enerji sektoru ilə məhdudlaşdırmaq niyyətində deyil, eyni zamanda sənaye, logistika, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və investisiya əməkdaşlığını da genişləndirməyə çalışır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, hazırkı geosiyasi şəraitdə Avropa üçün etibarlı tərəfdaşların əhəmiyyəti daha da artıb:

"Azərbaycan isə enerji təhlükəsizliyi ilə yanaşı, Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Avropa ilə Asiyanı birləşdirən strateji tranzit mərkəzinə çevrilir. Alman biznes dairələrinin Azərbaycana marağının artması da məhz bu reallıqdan qaynaqlanır. Mixael Harmsın rəhbərlik etdiyi Almaniya İqtisadiyyatının Şərq Komitəsi uzun illərdir Alman şirkətlərinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bazarlarına çıxışında mühüm platforma rolunu oynayır. Bu baxımdan səfər sıradan protokol görüşü deyil, gələcək investisiya və biznes əməkdaşlığının istiqamətlərini müəyyənləşdirən mühüm təmasdır.

Görüş həm də onu göstərir ki, siyasi müstəvidə zaman-zaman fərqli yanaşmalar mövcud olsa da, iqtisadi əməkdaşlıq praqmatik maraqlar üzərində inkişaf edir. Alman şirkətləri Azərbaycanın sabit biznes mühitini, geniş nəqliyyat imkanlarını və regional bazarlara çıxış potensialını yüksək qiymətləndirirlər. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri də Avropa biznesi üçün yeni investisiya imkanları yaradır.

Ümumilikdə, bu görüş Azərbaycanın iqtisadi diplomatiyasının uğurlu davamı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin xarici iqtisadi tərəfdaşlarla intensiv təmasları ölkənin qlobal iqtisadi əlaqələrinin şaxələndirilməsinə, qeyri-neft sektoruna investisiyaların cəlbinə və Azərbaycanın Avrasiyanın mühüm iqtisadi qovşaqlarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir".