"Yaxın Şərqdə gərginlik qlobal iqtisadi riskləri artırır" - İqtisadçı

21 İyul 2026 11:15 (UTC+04:00)

"Yaxın Şərq dünya neft və təbii qaz ehtiyatlarının böyük hissəsinin cəmləşdiyi strateji regiondur. Bu səbəbdən burada baş verən hərbi və siyasi gərginliklər qlobal enerji bazarlarına birbaşa təsir göstərir". Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, İran, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ölkələr dünya enerji təchizatında mühüm paya malikdir:

"Regionda risklərin artması isə neft qiymətlərinin yüksəlməsi ehtimalını gücləndirir.
Əsas risklərdən biri Hörmüz boğazında gəmiçiliyin məhdudlaşmasıdır. Dünya üzrə ixrac olunan neftin və mayeləşdirilmiş təbii qazın əhəmiyyətli hissəsi bu strateji keçiddən daşınır. Hərbi qarşıdurma və ya təhlükəsizlik riskləri səbəbindən daşımaların ləngiməsi bazarda təklifin azalacağı ilə bağlı gözləntiləri artırır. Nəticədə neft qiymətləri qısa müddətdə kəskin bahalaşa bilər.

Neftin bahalaşması yalnız enerji sektoruna təsir etmir. Yanacaq qiymətlərinin yüksəlməsi nəqliyyat, logistika, sənaye və kənd təsərrüfatı sahələrində istehsal xərclərini artırır. Bu isə qlobal inflyasiyanın güclənməsinə, mərkəzi bankların faiz dərəcələrini yüksək səviyyədə saxlamasına və iqtisadi artım tempinin zəifləməsinə səbəb ola bilər.
Enerji idxalından asılı ölkələr üçün bu proses daha ciddi nəticələr yarada bilər. Avropa İttifaqı ölkələri, Yaponiya, Cənubi Koreya və digər iri enerji idxalçıları artan enerji xərcləri ilə üzləşə bilərlər. Bu isə istehsalın bahalaşmasına, bəzi müəssisələrin fəaliyyətinin məhdudlaşmasına və istehlakçıların xərclərinin artmasına gətirib çıxara bilər.

Digər tərəfdən, enerji ixrac edən ölkələr üçün yüksək neft qiymətləri müəyyən iqtisadi üstünlüklər yarada bilər. Azərbaycan kimi neft ixracatçısı olan dövlətlərin büdcə və ixrac gəlirlərinin artması mümkündür. Lakin bu üstünlük yalnız qiymət artımının qısamüddətli və idarəolunan olduğu halda davamlı müsbət nəticə verir. Gərginliyin uzunmüddətli xarakter alması və qlobal iqtisadi artımı zəiflətməsi isə sonradan enerji tələbatının azalmasına səbəb ola bilər.
Geosiyasi risklər maliyyə bazarlarına da təsirsiz ötüşmür. Belə dövrlərdə investorlar riskli aktivlərdən uzaqlaşaraq qızıl, ABŞ dolları və digər "təhlükəsiz liman" hesab olunan aktivlərə üstünlük verirlər.

Bu isə fond bazarlarında enişə, valyuta bazarlarında isə dəyişkənliyin artmasına səbəb ola bilər. Nəticə etibarilə, Yaxın Şərqdə gərginliyin artması qlobal enerji bazarları və dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz qiymətlərinin yüksəlməsi, inflyasiyanın güclənməsi, enerji və nəqliyyat xərclərinin artması, beynəlxalq ticarətin bahalaşması və iqtisadi artımın zəifləməsi mümkün nəticələr sırasındadır. Məhz buna görə də dünya bazarları regionda baş verən hadisələri diqqətlə izləyir. Çünki Yaxın Şərqdə yaranan hər bir böhran qlobal iqtisadiyyata zəncirvari təsir göstərə bilər".

Lətifə Musayeva