Sağlam qidalanmanın vacib tərkib hissəsi olan meyvələrin düzgün vaxtda və uyğun porsiyada qəbul edilməsi orqanizm üçün daha faydalıdır. Mütəxəssislərin sözlərinə görə, xüsusilə yay mövsümündə meyvə bolluğu olsa da, onların nə zaman və nə qədər yeyilməsi sağlamlığa birbaşa təsir göstərir.
Bu sözləri SİA-ya sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Bildirilib ki, şəkər tərkibi yüksək olan meyvələrin günün birinci yarısında, C vitamini və turşuluq nisbəti daha yüksək olan meyvələrin isə axşam saatlarında qəbul edilməsi daha məqsədəuyğundur. Meyvələrin həddindən artıq istehlakı isə həzm pozğunluğu, bağırsaq qıcıqlanması və digər narahatlıqlara səbəb ola bilər.
Mütəxəssis axşam saatlarında az miqdarda albalı yeməyin yuxu keyfiyyətinə müsbət təsir göstərə biləcəyini qeyd edib. Xüsusilə təbii şəraitdə yetişən albalının tərkibində yuxunu tənzimləyən melatonin hormonunun olması səbəbindən bu meyvənin faydalı olduğu vurğulanıb. Bununla belə, bir dəfəyə 10–15 ədəddən artıq albalı qəbul edilməsi tövsiyə edilmir.
Qarpızın isə gün ərzində və günortadan sonra istehlak oluna biləcəyi, lakin yatmazdan əvvəl çox miqdarda yeyilməsinin düzgün olmadığı bildirilib. Səbəb kimi qarpızın tərkibinin 90 faizdən çoxunun sudan ibarət olması göstərilib. Bu isə gecə tez-tez oyanmağa və yuxunun pozulmasına səbəb ola bilər.
Ərik, gilas və üzüm kimi meyvələrin səhər saatlarında qəbul edilməsinin daha faydalı olduğu qeyd edilib. Ərikin kalium və liflə, digər yay meyvələrinin isə antioksidantlarla zəngin olduğu bildirilib.
Mütəxəssis xroniki xəstəlikləri, xüsusilə şəkərli diabet, artıq çəki və böyrək xəstəliyi olan şəxslərin meyvə istehlakında daha diqqətli olmalarını tövsiyə edib. Onun sözlərinə görə, meyvə əsas qidanı əvəz etməməli, porsiya nəzarətdə saxlanılmalı və kaliumla zəngin meyvələr böyrək xəstələri tərəfindən məhdud miqdarda qəbul edilməlidir.
Həmçinin hər bir insanın fərdi xüsusiyyətləri nəzərə alınmalı, hər hansı meyvəyə və ya onun tərkibindəki maddələrə qarşı allergiyası olan şəxslər həmin məhsulları ehtiyatla istehlak etməlidirlər.
Ayşən Vəli