Azərbaycan bu ölkə ilə beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

21 İyul 2026 04:03 (UTC+04:00)

Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üçün elektron icazələrin verilməsi və mübadiləsi prosesinə başlayıb. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq yükdaşımaları həyata keçirən Gürcüstan daşıyıcıları artıq Türkiyədə olduğu kimi, Azərbaycanda da elektron icazələrdən istifadə edəcəklər. Qeyd olunub ki, analoji sistem 2026-cı ilin iyul ayının əvvəlindən Türkiyə ilə daşımalarda da tətbiq edilir. Nazirliyin Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadzenin sözlərinə görə, rəqəmsal sistem inzibati prosedurları sadələşdirir, məlumat mübadiləsini sürətləndirir və kağız sənədlərə ehtiyacı minimuma endirir.

O bildirib ki, elektron icazələrin verilməsi və monitorinqi beynəlxalq yükdaşımalarının idarə olunmasını daha şəffaf və səmərəli edir, daşıma əməliyyatlarının icra müddətini əhəmiyyətli dərəcədə azaldır.

Mətləb