Sentyabr ayında Qarabağ Universitetində Bilik Gününə həsr olunmuş festivalın keçirilməsi nəzərdə tutulur.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Turanə Orucova bildirib.
Onun sözlərinə görə, birlik bundan sonra da müxtəlif mədəni layihələri həyata keçirməyə davam edəcək:”Məqsədimiz Azərbaycan mədəniyyətini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təbliğ etməkdir. Təşkilatın layihələrində gənc peşəkar musiqiçilər — Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və digər ixtisaslaşmış təhsil müəssisələrinin tələbələri və məzunları iştirak edirlər. Konsert proqramlarında muğam ifaçıları, opera müğənniləri və milli alətlərdə ifa edən musiqiçilər çıxış edirlər”.
Turanə Orucovanın fikrincə, gənclərin bu cür layihələrdə iştirakı milli-mənəvi dəyərlərin qorunub saxlanmasına və ifaçılıq sənətinin inkişafına töhfə verir: “Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə canlı ifaçılıq ənənəsinin qorunması xüsusilə vacibdir. Sənətçilərimiz fonoqram olmadan çıxış edirlər və məhz bunun sayəsində gənclər milli-mənəvi dəyərlər ruhunda tərbiyə alırlar. Bundan əlavə, muğam sənətinin inkişafını dəstəkləməklə gənc ifaçılar musiqi ənənələrimizi qoruyur və davam etdirirlər. Məhz gənc istedadların dəstəklənməsi və milli incəsənətin təbliğ edilməsi birliyimizin fəaliyyətinin prioritet istiqamətlərdəndir”.