Nizami Kino Mərkəzində Azərbaycan Televiziyasının sifarişi ilə ərsəyə gələn, bədii təsvirləri ilk dəfə süni intellekt vasitəsilə hazırlanan tarixi “Sultan Həsən Bahadur” filmi tamaşaçılara təqdim olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Televiziyasının fəaliyyətinə və istehsal etdiyi layihələrə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Filmin rejissoru Mecit Güven, ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Elmi məsləhətçiləri Səbuhi Əhmədov və Könül İmamverdiyeva, bəstəkarı Vüqar Camalzadə, rəssamı Reyhan Aslanova, prodüserləri isə Sərvər Bayramov və Ercan Kayadır.
Filmin nümayişindən əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, təqdim olunan ekran əsəri bir neçə mühüm xüsusiyyəti ilə seçilir. Onun sözlərinə görə, film Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri olan Sultan Həsən Bahadura həsr edilməsi baxımından böyük əhəmiyyət daşıyır və milli kimliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Nazir müavini qeyd edib ki, filmin digər mühüm cəhəti bədii təsvirlərin süni intellekt vasitəsilə hazırlanmasıdır. O vurğulayıb ki, bu, qarşısıalınmaz bir prosesdir və süni intellekt yaradıcılığın yeni formalarından biri kimi qəbul edilməlidir. Onun sözlərinə görə, bu texnologiya filmlərin istehsalını daha əlçatan və iqtisadi cəhətdən səmərəli edir. Mədəniyyət Nazirliyi həm klassik, həm də müasir texnologiyalar əsasında hazırlanan layihələri dəstəkləyir və “Sultan Həsən Bahadur”u uğurlu layihə hesab edir.
Daha sonra çıxış edən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, iki il əvvəl “Tariximizlə qürur duyuruq” layihəsinə start verilib və bu istiqamətdə sistemli fəaliyyət həyata keçirilir. “Tarixdən bəhs edən ekran əsərlərinin yüksək keyfiyyətlə hazırlanması əsas prinsiplərdən biridir. Uzun Həsənin həyatından bəhs edən film tamamilə tarixi faktlara əsaslanır, 4 aya ərsəyə gəlib və xronometrajı 37 dəqiqədir. Ekran əsərində Ağqoyunlu dövlətinin qüdrətli hökmdarı, tarixdə Uzun Həsən adı ilə tanınan Sultan Həsən Bahadurun böyük fatehlik yolu, eləcə də anası, Şərqin ilk diplomat qadını hesab olunan Sara Xatunun siyasi dühası əks olunub. Filmdə süni intellektin vizual imkanları tarixi faktlarla vəhdətdə təqdim edilir. Azərbaycan Televiziyasının “Tariximizlə qürur duyuruq” bədii-sənədli filmlər silsiləsinin ilk ekran əsəri olan “Sultan Həsən Bahadur” qardaş Türkiyənin “Patik Prodakşn” şirkəti ilə birgə istehsal olunub. Ekran əsərində XV əsrdə yaşamış Uzun Həsənin təkcə bacarıqlı dövlət xadimi deyil, həm də mahir sərkərdə olduğu göstərilir. Eyni zamanda, Sara Xatunun diplomatik fəaliyyəti və qəhrəmancasına mübarizəsi də filmdə xüsusi yer tutur”,- deyə o əlavə edib.
Rövşən Məmmədov süni intellektin müasir dövrdə xüsusilə gənclərin maraq göstərdiyi əsas texnologiyalardan biri olduğunu deyib: “Bu imkanlardan istifadə etməklə tarixi daha təsirli formada təqdim etmək mümkündür”.
O əlavə edib ki, tarixi yaşatmaq və onu gələcək nəsillərə çatdırmaq Azərbaycan Televiziyasının əsas missiyalarından biridir. “Film Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə həsr olunub”, - deyə Rövşən Məmmədov diqqətə çatdırıb.
Daha sonra qonaqlar filmi izləyiblər.