Medianın İnkişafı Agentliyinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinin təhlili Prezident İlham Əliyevə olan yüksək inam və etimadın dövlətimizin başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, bu mənada Prezident İlham Əliyev ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir. Belə ki, respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.
“Bu gün qalib Azərbaycanın uğurlarından bəhs edirik. Bu uğurlar düzgün qurulan və gələcəyə hesablanmış siyasətin təqdimatıdır. Prezident İlham Əliyev hər zaman xalqının yanındadır. Xalqa arxalanır, xalqdan güc alır. Onun irəli sürdüyü hər bir təşəbbüs xalq tərəfindən dəstəklənir. Məhz bu birlik, həmrəylik, Prezidentinə güvən, inam 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizə yol açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Ordusu milli qürurumuzu, kimliyimizi özünə qaytaran Qələbəyə imza atdı. Dövlətimizin başçısı adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdırdı.
Qürurvericidir ki, Prezident İlham Əliyev son üç ildən artıq dövrdə əlamətdar günləri, tarixi hadisələri, özünün doğum gününü işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir”, - deyə deputat əlavə edib.