Hansı sənədlərin şəkillərini telefonda saxlamaq olmaz? - EKSPERT AÇIQLADI

20 İyul 2026 17:35 (UTC+04:00)

Bir çox insan pasportun, şəxsiyyət vəsiqəsinin və digər mühüm sənədlərin şəkillərini smartfonunda saxlayır. İlk baxışdan rahat görünən bu vərdiş, əslində, şəxsi məlumatların oğurlanması və maliyyə fırıldaqları kimi ciddi risklər yarada bilər. Bəs ekspertlər hansı təhlükələrdən xəbərdarlıq edir və bu risklərdən necə qorunmaq olar?

Məsələ ilə bağlı İT üzrə ekspert Fərid Əmirov SİA-ya açıqlamasında bildirib ki, "MyGov" üzərindən əldə edilə bilən rəsmi dövlət sənədləri telefonda saxlanılmasın:

"Həmçinin maaş, pensiya və digər iri məbləğlərin saxlandığı bank kartlarının məlumatlarını telefonda saxlamaq məqsədəuyğun deyil. Daha təhlükəsiz variant gündəlik alış-veriş üçün istifadə olunan kartlardan istifadə etməkdir. Digər bank kartlarını isə bank tətbiqləri vasitəsilə idarə etmək mümkündür. Zərurət olduqda əsas hesabdan gündəlik istifadə olunan karta lazımi məbləğ köçürərək ödəniş etmək daha təhlükəsiz hesab olunur. Kiber təhlükələrdən qorunmaq üçün ilk növbədə tanımadığımız şəxslərdən gələn mesajlara və linklərə daxil olmamalıyıq. Nəzərə almaq lazımdır ki, telefonda təkcə sənədlərimiz deyil, digər şəxsi məlumatlarımız da saxlanılır. Tanımadığımız şəxslərdən gələn linklərə daxil olmamalı, rəsmi olmayan platformalarda şəxsi məlumatlarımızı paylaşmamalı və bank adından gələn zənglərin həqiqətən bank tərəfindən edildiyini mütləq yoxlamalıyıq".