Autizm son illərdə cəmiyyətdə ən çox müzakirə olunan neyroinkişaf xüsusiyyətlərindən biridir. Bunun yaranma səbəbləri və genetik olub-olmaması ilə bağlı müxtəlif fikirlər səslənsə də, mütəxəssislər bildirirlər ki, məsələ hələ də elmi araşdırmaların mövzusudur. Bəs autizm necə yaranır, bu vəziyyət irsidirmi və erkən yaşlarda hansı əlamətlərlə özünü göstərir? Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla SİA-ya açıqlamasında bildirib ki, autizmi genetik xəstəlik saymaq düz olmaz:
"Bununla bağlı ortada konkret faktlar yoxdur. Gen mutasiyalarına bağlı məsələlər var, bunlarla bağlı çox ciddi araşdırmalar gedir, amma bütövlükdə bu xəstəlik autistik spektrli xəstəliklər qrupudur. Bu, əslində, ömürlük olaraq sinir sisteminin inkişafına bağlı və xüsusilə də insanların ünsiyyət, münasibət yaratmaq, davranış və digər sosiallaşma problemlərinə bağlı bir xəstəlikdir. Autizmli uşaqlarda artıq 1 yaşından sonra bu yavaş-yavaş sezilməyə başlayır. Təbii ki, autistik spektrin dərəcəsindən asılı olaraq bilirik ki, bu dəyişikliklər nə dərəcədə dərindir, nə dərəcədə yüngüldür. Ümumiyyətlə, təəssüf ki, bu cür uşaqların gündəlik köməyə ehtiyacı olur və bu uşaqlara daim nəzarət edilir. Yüngül formada olanlar özlərini idarə edə bilirlər, amma bəzilərində problemlər yaşanır".