“Sabah”ın baş məşqçisi: Bizi avrokuboklarda uzun yol gözləyir

20 İyul 2026 17:55 (UTC+04:00)

Oyuna ən yaxşı şəkildə köklənməliyik. Azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda Finlandiyanın “KuPS” komandası ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis növbəti mərhələ barədə danışmağın tez olduğunu bildirib: “Məşqçilər heyəti olaraq öz işimizi görməliyik. Kağız üzərində hansısa komanda digərindən üstün görünə bilər. Amma bizi uzun yol gözləyir. Növbəti mərhələlər barədə danışmaq üçün tezdir. Sabah doğma meydanda oynayacağıq və bu, bizim üçün üstünlükdür. İcazə verin, ilk növbədə sabahkı oyuna köklənək”.

O, komandanın hələ tam optimal formada olmadığını da vurğulayıb: “Bəlkə də 10-15 oyundan sonra optimal formamıza çatacağıq. Çünki hər rəqib fərqlidir və çox şey özümüzdən asılıdır. Ən yaxşı heyəti seçmək, ən uyğun oyun planını hazırlamaq istəyirik. Futbolçuların da verilən tapşırıqları maksimum səviyyədə yerinə yetirmələrini gözləyirik. Rəqibin indiyədək neçə oyun keçirməsinin, yaxud hazırda hansı formada olmasının elə də böyük əhəmiyyəti yoxdur. Hər iki komanda meydana ən yaxşı performansını göstərmək üçün çıxacaq”.

Xatırladaq ki, iyulun 21-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “KuPS” oyunu saat 20:00-da başlayacaq.