“Milli mətbuatın 150 illik inkişaf yolu: “Əkinçi”dən rəqəmsal media dövrünə qədər” - DEPUTAT DANIŞDI

20 İyul 2026 16:47 (UTC+04:00)

“22 iyul Azərbaycan tarixində təkcə peşə bayramı deyil, həm də milli düşüncənin, maarifçiliyin və azad sözün təntənəsi kimi qeyd olunur. Məhz 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” xalqın maariflənməsinə, milli özünüdərkin formalaşmasına və ictimai fikrin inkişafına misilsiz töhfə verdi:
“Sonrakı illərdə “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” kimi qəzet və jurnallar milli mətbuat ənənələrini daha da zənginləşdirdi. Azərbaycan dili, milli kimlik və azadlıq ideyaları məhz bu nəşrlərin səhifələrində geniş şəkildə təbliğ olundu.
Müstəqillik illərində isə Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə senzuranın ləğvi, söz və məlumat azadlığının təmin olunması, medianın hüquqi bazasının formalaşdırılması ölkədə azad mətbuatın inkişafına geniş imkanlar yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə media islahatları davam etdirildi, Medianın İnkişafı Agentliyi yaradıldı, “Media haqqında” Qanun qəbul edildi, media subyektlərinə vergi güzəştləri tətbiq olundu və jurnalistlərin sosial müdafiəsi istiqamətində mühüm addımlar atıldı.
Bu il Azərbaycan milli mətbuatı 150 illiyini qeyd edir. Prezident İlham Əliyevin sərəncamı ilə yubiley dövlət səviyyəsində qeyd olunur, həmçinin “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis edilib. Bu, dövlətin milli mətbuata verdiyi yüksək dəyərin növbəti ifadəsidir.
Müasir dövrdə Azərbaycan mediası artıq qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevrilib. İnternet jurnalistikası, rəqəmsal platformalar, süni intellekt texnologiyalarının tətbiqi və beynəlxalq media əməkdaşlığı yeni inkişaf mərhələsini formalaşdırır. Bununla yanaşı, peşəkar jurnalistika, obyektivlik, operativlik və milli maraqların qorunması Azərbaycan mediasının əsas prinsipləri olaraq qalır.
Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media nümayəndələrini təbrik edir, onlara ölkəmizin informasiya təhlükəsizliyinin qorunması, həqiqətlərin dünyaya çatdırılması və peşə fəaliyyətlərində yeni uğurlar arzulayıram“.