"İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik nizamının formalaşdırılması istiqamətində atdığı addımlar ölkənin regional mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Azərbaycan artıq Cənubi Qafqazın aparıcı siyasi və iqtisadi güclərindən biri kimi çıxış edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, eyni zamanda, Xəzər regionu və Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi ölkənin geostrateji əhəmiyyətini daha da artırıb:
"Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri olan Azərbaycan beynəlxalq logistika və tranzit mərkəzinə çevrilməkdədir. Bu amil ölkənin beynəlxalq aləmdə etibarlı, sabit və proqnozlaşdırılan tərəfdaş kimi qəbul olunmasını gücləndirib. Azərbaycan bu gün Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. Təbii qaz ixracının artması və enerji əməkdaşlığının genişlənməsi Avropa İttifaqının Azərbaycana etimadını daha da möhkəmləndirib. Bununla yanaşı, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi də ölkənin beynəlxalq nüfuzunun artmasına, etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi tanınmasına mühüm töhfə verib.
Azərbaycanın Çin, Mərkəzi Asiya ölkələri, Avropa İttifaqı, ABŞ, Türkiyə və ərəb dövlətləri ilə münasibətləri dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Bir çox dövlətlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsi də bunun bariz nümunəsidir. Bütün bunlar göstərir ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar düşünülmüş və ardıcıl xarici siyasətin nəticəsidir. Ölkə regional güc statusunu möhkəmləndirməklə yanaşı, beynəlxalq münasibətlər sistemində etibarlı və nüfuzlu orta güc kimi mövqeyini daha da gücləndirməkdədir".