Telefona baxaraq yemək yeyən uşaqları hansı risklər gözləyir? - PEDİATR AÇIQLADI

20 İyul 2026 16:32 (UTC+04:00)

Valideynlər bəzən övladlarının yeməyi rahat yeməsi üçün onlara telefon verir, bəzi hallarda isə uşaqlar bunu özləri tələb edirlər. Lakin mütəxəssislər bu vərdişin sağlam qidalanma davranışına mənfi təsir göstərə biləcəyini bildirirlər.

Məsələ ilə bağlı Həkim-pediatr Günay Rəsulova SİA-ya açıqlamasında bildirib ki, yemək zamanı telefondan istifadə uşaqlarda iştah problemlərinin yaranmasına zəmin hazırlaya bilər.

Onun sözlərinə görə, uşaq yeməyi yalnız telefona baxarkən qəbul etdikdə, qidalanma prosesini dərk etmir və diqqəti tamamilə ekrana yönəlir:

"Nəticədə yeməyin dadını, qoxusunu və quruluşunu hiss etmir, bu isə sağlam qidalanma vərdişlərinin formalaşmasına mane olur. Belə halların davamlı olması gələcəkdə iştahsızlıq, həddindən artıq yemək, artıq çəki və piylənmə riskini artıra bilər. Buna görə də uşaq yemək zamanı qida ilə birbaşa təmasda olmalı, onu görməli, toxunmalı və hiss etməlidir. Valideynlərin vəzifəsi uşağa hansı qidaların təqdim olunacağına qərar verməkdir, nə qədər yeyəcəyinə isə uşağın özü qərar verməlidir. Əgər uşaq doyduğunu göstərirsə, onu yeməyə məcbur etmək, yeməyi bitirməsi üçün telefon vermək və ya gəzdirərək yedizdirmək düzgün yanaşma deyil. İştah problemi olan uşaqlarda ilk növbədə bunun səbəbi araşdırılmalıdır".