"Sürətli nəticə vəd edən hər pəhriz sağlam deyil" - Dietoloq

20 İyul 2026 15:00 (UTC+04:00)

"Sosial şəbəkə,qrup pəhrizləri təhlükəlidir. Populyar olan bu üsulların əksəriyyəti elmi əsasa deyil, "sürətli nəticə" ideyasına söykənir". Bu sözləri SİA-ya açıqlamasında Orzax Azərbaycanın Medical direktoru Dr. Şəhriyyə Əhmədova bildirib.

Onun sözlərinə görə, Buna görə də orqanizmə ciddi zərər verə bilər: "Çörəkdən (karbohidratdan) tam imtina enerji çatışmazlığına, baş ağrısına, konsentrasiyanın azalmasına və uzunmüddətdə metabolizmin yavaşlamasına səbəb olur.

Su pəhrizi (yalnız su içmək) əzələ toxumasının parçalanmasına, elektrolit balansının pozulmasına, ürək ritmində problemlərə və hətta təhlükəli hallara gətirib çıxara bilər. Kəskin kalori məhdudiyyəti hormonal pozğunluqlar, saç tökülməsi, immunitetin zəifləməsi və "yo-yo effekti" (kilonun tez geri qayıtması) ilə nəticələnir.

Həkim məsləhəti olmadan belə proqramlara başlamaq da təhlükə yarada bilər. Hər insanın orqanizmi, xəstəlik tarixçəsi, hormonal fonu fərqlidir.

TikTok-dakı pəhriz kiminsə üçün işləyə bilər, amma başqası üçün ciddi sağlamlıq riski yarada bilər. Arıqlama fərdi yanaşma tələb edir bunu yalnız həkim müayinədən sonra düzgün müəyyən edə bilər. Sürətli nəticə vəd edən hər pəhriz sağlam deyil. Təhlükəsiz arıqlama tədricən, balanslı qidalanma və həkim nəzarəti ilə olur".

Lətifə Musayeva