"Ağıllı şəhər və ağıllı kənd konsepsiyası Qarabağın gələcəyinə hesablanmış inkişaf modelidir" - Deputat

20 İyul 2026 14:57 (UTC+04:00)

"Böyük Qayıdış" Proqramı çərçivəsində Azərbaycanın ən mühüm prioritetlərindən biri ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının həyata keçirilməsidir".

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bu yanaşma müasir şəhərsalma fəlsəfəsinə tam uyğundur:

"Burada son texnologiyalar, yaşıl və bərpa olunan enerji mənbələri, rəqəmsal infrastruktur və dayanıqlı inkişaf prinsipləri əsas götürülür. Bu, gələcəyə hesablanmış bir inkişaf konsepsiyasıdır.

Bu konsepsiya ilk dəfə Zəngilan rayonunda uğurla tətbiq olundu və hazırda Qarabağın yenidən qurulan digər şəhər və qəsəbələrində də geniş şəkildə həyata keçirilir. Ağıllı şəhər və ağıllı kənd modeli insanların rahat yaşayışını, təmiz ətraf mühiti, keyfiyyətli infrastrukturu, piyada yönümlü küçələri və güclü ictimai nəqliyyat sistemini özündə birləşdirir.

Azərbaycanın bir neçə həftə əvvəl BMT çərçivəsində keçirilən WUF13 Beynəlxalq Şəhərsalma Forumuna ev sahibliyi etməsi də ölkəmizin bu sahədə əldə etdiyi uğurları beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Azərbaycan bu forumu keçirməklə göstərdi ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması sahəsində nümunəvi təcrübə formalaşdırır.

Bizim üstünlüyümüz ondadır ki, Qarabağ və Şərqi Zəngəzur tamamilə öz maliyyə imkanlarımız və resurslarımız hesabına bərpa olunur. Eyni zamanda, müharibənin vurduğu dağıntıları dünyaya göstərməklə yanaşı, çox qısa müddətdə həmin izləri aradan qaldıraraq müasir şəhərlər qurduğumuzu nümayiş etdiririk.

Bu gün Şuşada, Ağdamda, Xankəndidə və digər yaşayış məntəqələrində həyata keçirilən layihələrə nəzər saldıqda ağıllı şəhər və ağıllı kənd konsepsiyasının əsas elementlərinin tətbiq olunduğunu aydın şəkildə görürük.

İkinci Dünya müharibəsindən sonra tamamilə dağıdılmış Avropa şəhərlərinin bərpası onilliklər çəkdi və bu proses böyük maliyyə dəstəyi, o cümlədən Amerikan proqramı olan Marşall Planı çərçivəsində həyata keçirildi. Azərbaycan isə işğaldan azad olunmuş əraziləri heç bir xarici yardım olmadan, öz imkanları hesabına yenidən qurur.

Ağdam bunun ən bariz nümunəsidir. İşğaldan əvvəl və sonrakı görüntülər göstərirdi ki, şəhər tamamilə yerlə-yeksan edilmişdi. Təsadüfi deyil ki, Ağdamı "Qafqazın Xirosiması" adlandırırdılar. Bu gün isə burada ağıllı şəhər konsepsiyasına uyğun, müasir standartlara cavab verən yeni bir şəhər salınır.

Ən vacib məqamlardan biri də odur ki, yenidən qurulan şəhərlərdə müasir texnologiyalar tətbiq olunmaqla yanaşı, milli memarlıq üslubu da qorunur. Şuşa, Ağdam və digər şəhərlərdə həyata keçirilən layihələr Azərbaycanın milli memarlıq ənənələrini müasir şəhərsalma prinsipləri ilə uğurla birləşdirən nümunələrdir".

Lətifə Musayeva