Məhərrəmlikdə qızıl almaq sərfəlidirmi? - EKSPERT AÇIQLADI

20 İyul 2026 14:37 (UTC+04:00)

"Qızılın qiyməti Azərbaycanda Məhərrəmlik ayına görə deyil, dünya bazarında formalaşan qiymətlər əsasında müəyyən edilir. Məhərrəmlik dövründə qızıl alqı-satqısının həcmi müəyyən qədər azala bilər".

SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərini öyrənib.

O bildirib ki, bəzi insanlar bu dövrdə zinət əşyalarının alınmasını təxirə salırlar. Lakin bu, qızılın qiymətinə birbaşa təsir göstərmir:

"Qızıl xarab olan və ya qısa müddətdə dəyərini itirən məhsul deyil. Buna görə də satıcılar onu qısa müddətdə satmağa məcbur olmurlar. Qızıl beynəlxalq əmtəədir və onun qiyməti dünya bazarlarında formalaşır. Məsələn, siz avtomobilinizə benzin doldurmasanız belə, bu, neftin dünya bazarındakı qiymətinə təsir etmir. Qızıl da eyni prinsiplə qiymətləndirilir.

Bu baxımdan, Məhərrəmlik ayının qızılın qiymətinə birbaşa təsiri yoxdur. Sadəcə, zinət əşyaları satan mağazalarda satış həcmi müvəqqəti olaraq azala bilər. Qiymətlər isə yenə də dünya bazarındakı tendensiyalara uyğun şəkildə formalaşır.

Digər tərəfdən, Məhərrəmlik ayının nə vaxt başlayacağı əvvəlcədən məlum olduğuna görə bazar iştirakçıları fəaliyyətlərini buna uyğun planlaşdıra bilirlər. Üstəlik, qızıl uzun illər ərzində öz dəyərini qoruyan sərvətlərdən biri hesab olunur. Buna görə də Məhərrəmlik, Ramazan və ya digər dini dövrlər qızılın bazar qiymətini müəyyən etmir.

Hazırda qızılın qiymətinə təsir edən əsas amillər dünya iqtisadiyyatında baş verən proseslər, beynəlxalq maliyyə bazarlarındakı vəziyyət, mərkəzi bankların pul-kredit siyasəti və geosiyasi hadisələrdir. Bu səbəbdən qızılın qiyməti əsasən qlobal bazarlarda baş verən dəyişikliklərdən asılı olaraq formalaşır".