“Dövlət Yol Polisinin tərtib etdiyi protokoldan məhkəməyə şikayət verilə bilməz. Şikayət qərardan verilə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, əgər Dövlət Yol Polisi barənizdə əsassız və qanunsuz olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edibsə, qərarı rəsmi qaydada əldə etdiyiniz vaxtdan 20 gün müddətində yaşadığınız yer üzrə məhkəməyə və ya DYP-nə şikayət verə bilərsiniz:
”Həmin müddəti üzrlü səbəbdən ötmüsünüzsə, müddətin bərpa edilməsi ilə bağlı vəsatətinizlə bu müddət hakim tərəfindən bərpa edilə bilər.
İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.
İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yəni məhkəməyə ərizə və ya vəsatət ilə müraciət etdiyiniz zaman bu işlər üzrə dövlət rüsumu nəzərdə tutulmur.
İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Yəni şikayəti həm cərimənin yazıldığı yerdə, həm də yaşadığınız yer üzrə məhkəməyə verə bilərsiniz. Yaşayış yeri dedikdə qeydiyyatda olduğunuz ünvan başa düşülür.
Dövlət Yol Polisi tərəfindən tərtib olunan qərarı istənilən Dövlət Yol Polis şöbəsinə yaxınlaşaraq əldə etmək mümkündür. Qərarı əldə etdikdən sonra inzibati qərardan şikayət yazıb, qərarı qoşma hissəsinə əlavə edərək məhkəməyə təqdim etməlisiniz.
“Yol-patrul xidməti haqqında Təlimat”ın 4.3-cü maddəsinə əsasən, Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır”.