Evdə hazırlanan şirələr soyuducuda nə qədər saxlanıla bilər? - EKSPERT AÇIQLADI

20 İyul 2026 11:57 (UTC+04:00)

"Yay mövsümündə ev şəraitində hazırlanan meyvə və tərəvəz şirələri konservant və qoruyucu maddələr ehtiva etmədiyi üçün tez xarab ola bilər. Buna görə də belə şirələrin hazırlandıqdan sonra mümkün qədər tez istehlak edilməsi tövsiyə olunur".

Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, soyuducuda +4°C və ya daha aşağı temperaturda saxlanılan təzə sıxılmış şirələr adətən 24 saat ərzində, bəzi hallarda isə maksimum 48 saat ərzində istifadə edilməlidir:

"Şirələrin qida dəyərinin və vitaminlərinin daha yaxşı qorunması üçün onları qapağı möhkəm bağlanan şüşə qabda saxlamaq, birbaşa günəş işığından uzaq tutmaq və otaq temperaturunda uzun müddət gözlətməmək vacibdir. Xüsusilə C vitamini hava və işıqla təmas nəticəsində sürətlə parçalandığı üçün şirələrin hazırlanandan dərhal sonra içilməsi daha faydalıdır.

Evdə hazırlanan şirələrin xarab olduğunu göstərən əsas əlamətlərə turş və ya xoşagəlməz qoxunun yaranması, rəng dəyişiklikləri, köpüklənmə, qaz əmələ gəlməsi, dibində qeyri-adi çöküntülərin yaranması və dadının dəyişməsi daxildir. Belə hallarda məhsul istehlak edilməməlidir.

Xarab olmuş şirələrin qəbulu qida zəhərlənmələrinə, mədə-bağırsaq pozğunluqlarına, ürəkbulanma, qusma, ishal və qarın ağrılarına səbəb ola bilər. Xüsusilə uşaqlar, yaşlılar, hamilələr və immun sistemi zəif olan şəxslər bu baxımdan daha həssas qrup hesab olunur. Buna görə evdə hazırlanan şirələrin düzgün saxlanılması və vaxtında istehlak edilməsi qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır".