Yaşıllaşdırmada xarici dekorativ bitkilərə üstünlük düzgündürmü? - EKOLOQ DANIŞDI

20 İyul 2026 11:46 (UTC+04:00)

"Şəhərlərin yaşıllaşdırılması zamanı ümumiyyətlə yalnız xarici (ekzotik) dekorativ bitkilərə üstünlük verilməsi ekoloji və iqtisadi cəhətdən tam doğru hesab edilmir. Şəxsən mən yerli iqlimə uyğun bitkilərdən istifadə edilməsinə üstünlük verilməsi istərdim. Bilirsiniz ki, hannsı bitkinin harada bitməsini iqlim müəyyən edir. Şəhərlərin yaşıllaşdırılmasında yerli iqlimə uyğun bitkilərə üstünlük verilməsi həm dayanıqlı, həm ekoloji və həm də ən qənaətcil yanaşma hesab olunur".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, belə seçim şəhər mühitinin həm təbiətini qoruyur, həm də büdcəyə qənaət edir. Yerli bitkilər az su tələb edir. Bilirsiniz ki, ölkəmizdə su ilə bağlı problem mövcuddur:

"Yerli bitkilər regionun yağış və quraqlıq balansına tam uyğunlaşdığı üçün süni suvarma ehtiyacını minimuma endirir. Yerli bitkilər yüksək dözümlülük qabiliyyətinə malikdirlər. Bölgənin yerli torpaq tipinə, sərt küləklərinə, yay istisinə və ya qış şaxtasına qarşı təbii immunitetə malikdirlər. Yerli bitkilər minimum qulluqla yanaşı eyni zamanda az maliyyə xərci tələb edir. Xüsusi kimyəvi gübrələrə, dərmanlama sistemlərinə və bahalı qış qorumalarına ehtiyac duymurlar. Ekosistemin bərpasında, mühafizə olunmasında yerli bitkilər mühüm rol oynayır. Beləki, bu bitkilər yerli quşlar, arılar və faydalı həşəratlar üçün təbii qida və sığınacaq mənbəyi rolunu oynayırlar. Şəhərə yerli landşaft xüsusiyyətləri ilə yanaşı həm də tarixi vizual mənzərəni yaradırlar. Azərbaycan iqliminə (xüsusilə Abşeron şəraitinə) ən uyğun yerli növlərə aid, məsələn quraqlığa, şor torpağa və güclü Bakı küləyinə ən dözümlü ağac olan Eldar şamıdır. Bundan başqa uzunömürlü olan, böyük kölgəlik yaradan, havanın təmizlənməsində əhəmiyyətli olan, iri çətirə malik və şəhər tozunu udmasında ən çox əhəmiyyəti olan Şərq çinarını da göstərmək olar. Abşeronun quru subtropik iqliminə tam uyğun, az su tələb edən və estetik görüntüsü ilə göz oxşayan Zeytun və Nar ağaclarını da göstərmək olar. Küləyin sürətini azaltmaq üçün mükəmməl canlı sədd yaradan həmişəyaşıl sərv ağacı da çox uyğundur.

Quraq və qayalıq torpaqlarda belə rahatlıqla inkişaf edən İydə və Dağdağan ağaclarndan da istifadə edilməlidir. Ardıc ağacı yerli iqlimə uyğun yaşıllaşdırma üçün ən mükəmməl və unikal seçimlərdən biridir. Azərbaycanın həm quraq, həm də dağlıq rayonlarının təbii florasında geniş yayılmış bu bitki, şəhər landşaftında həm estetik, həm də ekoloji cəhətdən əvəzsizdir. 1 hektar (ha) ardıc meşəsi həm ekoloji təhlükəsizlik, həm də insan sağlamlığı baxımından unikal və əvəzsiz bir təbii ekosistemdir. Belə bir meşə sahəsi kiçik görünə bilər, lakin onun yaratdığı faydalar və təbiətə təsiri nəhəngdir.

Havanın möcüzəvi təmizlənməsində böyük rolu var. 1 ha ardıc meşəsi bir sutka ərzində ətrafa təqribən 30 kiloqram fitonsid (bakterisid maddə) ifraz edir. Bu miqdar böyük bir şəhərin (məsələn, Bakının bütöv bir mikrorayonunun) havasını zərərli mikroblardan tam təmizləmək üçün kifayətdir. Belə bir meşə sahəsi il ərzində tonlarla karbon qazını udaraq, yüzlərlə insanın illik təmiz oksigen ehtiyacını qarşılayır. Sıx ardıc meşəsi ildə 30-40 ton tozu öz iynəyarpaqlarında saxlaya bilir və şəhər mühitinin səs-küyünü əhəmiyyətli dərəcədə azaldır. Ardıcın kökləri torpağın dərinliklərinə və yanlarına möhkəm yapışır. 1 ha ardıc meşəsi dağlıq və maili ərazilərdə torpaq sürüşmələrinin, sel sularının və torpaq yuyulmasının qarşısını 100% alır. Əgər şəhər kənarında və ya daxilində 1 ha sahədə süni ardıc meşəliyi salınarsa, bu ərazi təbii sanatoriya zonasma çevrilir. Ağciyər və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanlar üçün belə bir meşədə gəzmək ən yaxşı təbii müalicədir.

Yerli bitkilərdən istifadə edildikdə landşaft layihələrinin ilkin xərcləri və uzunmüddətli baxım büdcəsi 30-50% arası azalır. Ağacların quruma və yenidən əkilmə riski minimuma enir, və bu da şəhər təsərrüfatı üçün böyük maliyyə qənaəti ola bilər

Şəxsən məni fikrimə görə xarici mənşəli dekorativ bitkiləri ancaq Dendralogiya bağında becərilməlidir. Xarici mənşəli (ekzotik) dekorativ bitkilərə üstünlük verilməsi həm estetik üstünlüklərə, həm də ciddi ekoloji və iqtisadi risklərə malikdir. Bu səbəbdən seçim edərkən balans qorunmalıdır. Bəzi xarici bitkilər yerli floranı sıxışdırıb çıxarır və ekosistemi korlayır. Yerli iqlimə (şaxtaya, quraqlığa) uyğunlaşmadıqları üçün xüsusi qulluq və çox su istəyirlər. Həm alınması, həm də gübrə, dərman və qorunma sistemləri baha başa gəlir. Yerli quşlar, arılar və həşəratlar bu bitkilərdən qida və ya sığınacaq kimi istifadə edə bilmir.

Landşaft dizaynında əgər ki, xarici mənşəli bitkilərdən istifadə edilirsə də mütləq yerli (endemik) bitkilər əsas bazanı (təxminən 70-80%) təşkil etməlidir. Bütöv Azərbaycan boyu hər yerdə uyğun oldu olmadı gəlmə bitkilər əkilib. Səhv bitki seçimi gələcəkdə ciddi ekoloji və iqtisadi fəsadlara yol aça bilər. Bir bölgənin iqliminə, torpağına və ekosisteminə uyğun olmayan bitkilərin əkilməsi zəncirvari mənfi effektlər yaradır. Bu hal biomüxtəlifliyin itirişilməsinə, su resurslarinin tükənməsinə, quraqliğin şiddətlənməsinə, torpağin deqradasiyasi və eroziyasina, zərərvericilərin və xəstəliklərin yayilmasina səbəb ola bilər".