Azərbaycan BMT Baş Assambleyasının şəhərsalma iclasında iştirakını yekunlaşdırıb

20 İyul 2026 11:50 (UTC+04:00)

Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının dayanıqlı şəhərsalma məsələlərinə həsr olunan iclasında işini başa çatdırıb.

Bu barədə SİA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin iştirakının əsas istiqamətlərindən biri cari ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) əldə olunan nəticələrin beynəlxalq səviyyədə davam etdirilməsi olub. Qeyd edilib ki, 176 ölkədən 58 000-dən çox iştirakçını bir araya gətirən Forum dayanıqlı urbanizasiya sahəsində ən nüfuzlu qlobal platformalarıan biri kimi yadda qalıb. Forumun yekununda qəbul edilmiş "Bakı fəaliyyətə çağırış" və "Sədrin xülasəsi" sənədləri, ilk dəfə təşkil olunan Liderlər Seqmenti, eləcə də Bakı Şəhərsalma Mükafatı və digər təşəbbüslər artıq BMT Baş Assambleyasının platformasında öz əksini taparaq Yeni Şəhər Gündəliyinin irəli aparılmasına töhfə verib.

Plenar iclas çərçivəsində Komitə sədri Anar Quliyev Azərbaycanın milli bəyanatı ilə çıxış edib. Bəyanatda ölkədə şəhərsalma və ərazi planlaşdırılması sahəsində həyata keçirilən dövlət siyasətinin əsas nəticələri diqqətə çatdırılıb. Təhlükəsiz, inklüziv və insanmərkəzli yaşayış mühitinin yaradılmasına yönələn islahatlar, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ərazi planlaşdırılmasının əsas alətlərdən biri olan rolu və bu sahədə tətbiq olunan müasir yanaşmalar beynəlxalq ictimaiyyətə təqdim edilib.

Tədbirlər çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma təcrübəsi xüsusi diqqət mərkəzində olub. Münaqişələr, təbii fəlakətlər və məcburi köçkünlük nəticəsində zərər çəkmiş ərazilərin bərpasına həsr olunan nazirlər görüşündə çıxış edən A.Quliyev vurğulayıb ki, bərpa prosesi keçmiş yaşayış məskənlərinin yenidən qurulması ilə məhdudlaşmamalı, insanların daha təhlükəsiz və rahat yaşayışı üçün gələcəyin şəhər və kəndlərinin yaradılmasına xidmət etməlidir. Bildirilib ki, münaqişədən sonrakı bərpa keçmişə qayıdış deyil, müasir, inklüziv və insanmərkəzli yaşayış məntəqələrinin qurulması üçün strateji imkan kimi qiymətləndirilməlidir.

Azərbaycan münaqişədən sonrakı dövrdə bərpa və yenidənqurmaya müasir yanaşmanın praktik nümunəsi kimi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı proqramı beynəlxalq ictimaiyyətə təqdim edib. Qeyd olunub ki, son 6 il ərzində regionda ümumi sahəsi 3 000 000 m² olan müxtəlif təyinatlı tikinti obyektləri istifadəyə verilib, 16 000 ailənin məskunlaşması üçün yaşayış evləri inşa edilib. Hazırda həyat 10 şəhər, 3 qəsəbə və 30 kəndə qayıdıb, həmin yaşayış məntəqələrində isə 90 000-dən çox yaşayır, çalışır və təhsil alır.

Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin mühüm praktiki nəticələrindən biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında Töhfə Sazişinin imzalanması olub. Saziş Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üçün ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını nəzərdə tutur. Layihə UN-Habitat-ın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu prosesə ilk dəfə birbaşa cəlb olunmasını təmin edəcək və beynəlxalq təcrübənin tətbiqi vasitəsilə "Böyük Qayıdış" Dövlət Proqramının həyata keçirilməsinə dəstək verəcək.

Səfər çərçivəsində UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax, Polşa nümayəndə heyətinin rəhbəri, İnkişaf fondları və regional siyasət nazirinin müavini Yan Şişko, həmçinin Braziliyanın Şəhərlər naziri Antonio Vladimir Moura Lima ilə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələr həyata keçirilməsi və ərazi planlaşdırılması üzrə qabaqcıl təcrübə mübadiləsi müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin Nyu-Yorkda həyata keçirdiyi fəaliyyət WUF13-də formalaşmış beynəlxalq gündəliyin məntiqi davamı olub. Təqdim olunan təşəbbüslər, əldə edilmiş razılaşmalar və imzalanmış saziş şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın daha da genişlənməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.