“Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha nümayiş etdirdi”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, Şuşadan başlayan səfər Bratislavanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətinin, eyni zamanda Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə verdiyi dəstəyin növbəti təsdiqi kimi dəyərləndirilə bilər:
“Şuşada Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış edərək ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha bəyan etdilər. Görüşdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat-logistika, humanitar əlaqələr və regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev vurğuladı ki, son illərdə Bakı ilə Bratislava arasında siyasi dialoq əhəmiyyətli dərəcədə intensivləşib. Xüsusilə 2024-cü ildə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu sənəd artıq konkret nəticələr verməkdədir. Qarşılıqlı səfərlərin intensivləşməsi, hökumətlərarası dialoqun genişlənməsi və müxtəlif sahələr üzrə birgə layihələrin reallaşdırılması strateji tərəfdaşlığın praktik məzmun qazandığını göstərir.
Səfərin ən diqqətçəkən məqamlarından biri Slovakiyanın Qarabağın bərpasında iştirakına verilən yüksək qiymət oldu. Prezident İlham Əliyev Slovakiya şirkətlərinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi "Ağıllı kənd" layihəsini iki ölkə arasında əməkdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirdi. Dövlət başçıları layihə ilə yerində tanış oldu. Prezident Peter Pelleqrini də Qarabağda qısa müddət ərzində görülən genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndirərək, Slovakiya şirkətlərinin bu prosesdə iştirakından məmnunluğunu ifadə etdi. O bildirdi ki, Slovakiya gələcəkdə də Azərbaycanın həyata keçirdiyi bərpa və inkişaf layihələrində fəal iştirak etməyə hazırdır.
Şuşada səsləndirilən fikirlərdən aydın oldu ki, Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq perspektivli əməkdaşlıq layihələri və qarşılıqlı etimada söykənən uzunmüddətli münasibətlər modelidir. Bratislava Azərbaycanın Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunması və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında oynadığı rolu yüksək qiymətləndirir.
Enerji əməkdaşlığı səfərin əsas gündəm mövzularından biri oldu. Avropada enerji təhlükəsizliyinin prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini daha da möhkəmləndirib. Slovakiya Azərbaycanın təbii qaz ixracının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirir və bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq da münasibətlərin yeni inkişaf istiqamətlərindən biri kimi diqqət çəkir. Slovakiya şirkətlərinin bu ilin sentyabrında Bakıda keçiriləcək beynəlxalq müdafiə sərgisində iştirak etməsi müdafiə sənayesi üzrə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu göstərir. Bu istiqamətdə tərəflər həm texnologiya mübadiləsi, həm də sənaye kooperasiyasının inkişafı imkanlarını nəzərdən keçirirlər”.