Qəbul imtahanında 400 bal toplayan qız...

18 İyul 2026 20:16 (UTC+04:00)

Ali məktəblərə qəbul imtahanında III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərənlərdən biri Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Aydan İxtiyar qızı Məmmədovadır. O, qəbul imtahanında 400 bal toplayıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, maksimum nəticə göstərən məzun müsahibəsində bildirib ki, uğurunun əsasında intizamlı və sistemli hazırlıq dayanır.

“Gün ərzində orta hesabla 12-13 saat hazırlaşırdım, qısa fasilələr edirdim. Uğur qazanmağımda ən böyük ilham mənbəyim valideynlərimin mənə olan sonsuz inamı, güvəni və dəstəyi olub”, - deyə müsahibimiz qeyd edib.

Aydan Məmmədova imtahan nəticəsini öyrəndiyi an yaşadığı hisslərdən də söz açıb: “400 bal topladığımı valideynlərimə böyük sevinclə söylədim. Yanımda anam olduğu üçün sevincimi öncə onunla bölüşdüm, atama isə zəng vuraraq bildirdim. Valideynlərimin sevincinin həddi-hüdudu yox idi, sanki qanad açıb uçurdular”.

Məzun hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istədiyini bildirib: “Hələlik universitet seçimi ilə bağlı yekun qərar verməmişəm. Hüquqşünaslıq sahəsini seçməyimin əsas səbəbi atamın gəncliyində bu peşəyə xüsusi maraq göstərməsi və onu əlçatmaz arzu kimi görməsi olub. Bu, məndə də həmin ixtisasa böyük maraq oyadıb”.

Hazırlıq dövründə xüsusi çətinlik çəkdiyi fənnin olmadığını deyən müsahibimiz tarix fənninə daha ehtiyatla yanaşdığını vurğulayıb. O bildirib ki, sistemli və planlı çalışması, zəif olduğu mövzuları müəyyənləşdirərək onların üzərində işləməsi bu sahədə uğur qazanmasına kömək edib.

Aydan Məmmədova əldə etdiyi nailiyyətdə müəllimlərinin və məktəbinin də mühüm payı olduğunu qeyd edib. Onun sözlərinə görə, başda məktəbin direktoru olmaqla, Kür qəsəbə orta məktəbinin müəllim kollektivi ona hər zaman etimad göstərib və hərtərəfli dəstək olub.

Məktəbin hər il təhsil sahəsində uğurlu nəticələrə imza atdığını vurğulayan məzun bu ənənənin davam edəcəyinə əminliyini ifadə edib.

Yüksək bal toplayan abituriyent məktəb illərində bir sıra mühüm uğurlara imza atıb. O, IX sinifdən etibarən respublika fənn olimpiadalarında iştirak edib. Azərbaycan dili fənni üzrə IX, X və XI siniflərdə medal qazanaraq üçqat respublika fənn olimpiadası mükafatçısı olub.

Qeyd edək ki, Aydan Məmmədova buraxılış imtahanında 279,6 bal toplayıb. Beləliklə, onun ümumi nəticəsi 679,6 baldır.