Qusar Dövlət Ləzgi Dram Teatrı 153-cü teatr mövsümünü “Bəxt üzüyü” tamaşası ilə başa vurub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşa Qusar şəhərinin general Mahmud Əbilov adına Mərkəzi Meydanında açıq səma altında nümayiş etdirilib.
Tamaşadan əvvəl şəhərin sakinləri mövsüm ərzində səhnələşdirilən tamaşaların dekor və geyim nümunələrinin, fotoların nümayiş olunduğu sərgi ilə tanış olublar.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova çıxışlarında Qusar Dövlət Ləzgi Dram Teatrının başa çatan mövsümünü yaradıcılıq və inkişaf baxımından məhsuldar bir il kimi qiymətləndiriblər. Bildirilib ki, cari mövsümdə repertuar yeni səhnə əsərləri ilə zənginləşib, çoxsaylı qastrol səfərləri təşkil olunub.
Şəhid anası Tinatin Cəfərova teatrın kollektivinə mövsüm ərzində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin yaşadılmasına, şəhid ailələrinə və qazilərə mənəvi dəstək olduqlarına görə təşəkkür edib.
Səhnədə milli rəqs nümunələri nümayiş etdirildikdən və mahnılar ifa edildikdən sonra görkəmli şair və dramaturq Vaqif Səmədoğlunun “Bəxt üzüyü” tamaşası təqdim olunub.