Zəngibasar yallısı yenidən dirçəldilib

18 İyul 2026 17:22 (UTC+04:00)

Zəngibasar yallısının yenidən dirçəldilməsi və bu qədim el yallısına həsr olunmuş klipin təqdimatı ilə əlaqədar tədbir təşkil edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Zəngibasar İcmasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, İdarə Heyətinin üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və Zəngibasar İcmasının üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar İcmasının sədri, "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş, riyaziyyat üzrə fəlsəfə doktoru Mirfaiq Mirheydərli tədbirin məqsəd və məramından bəhs edib. O, çıxışında Zəngibasar yallısının yenidən canlandırılması ideyasının yaranması, bu qədim el sənətinin qorunaraq gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti, eləcə də klipin ərsəyə gəlməsi istiqamətində görülən işlər və çəkiliş prosesinin mərhələləri haqqında ətraflı məlumat verib.

Rəsmi hissədə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Zəngibasar yallısının yenidən dirçəldilməsini Qərbi Azərbaycanın zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində mühüm hadisə kimi dəyərləndirib. O bildirib ki, bu cür təşəbbüslər xalqımızın milli-mənəvi yaddaşının yaşadılmasına, Qərbi Azərbaycan irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Əziz Ələkbərli çıxışında tədbirlə eyni gündə daha bir əlamətdar hadisənin – Mirfaiq Mirheydərlinin 60 illik yubileyinin qeyd olunduğunu vurğulayaraq, onu Qərbi Azərbaycan İcması adından təbrik edib. Yubilyara İcmanın Fəxri Fərmanı və simvolik hədiyyələr təqdim olunub.

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıqızı çıxış edərək Zəngibasar yallısının yenidən həyata qaytarılmasını milli-mədəni irsimizin qorunmasına xidmət edən mühüm hadisə kimi qiymətləndirib. O, Mirfaiq Mirheydərlini həm 60 illik yubileyi, həm də bu dəyərli layihənin ərsəyə gəlməsi münasibətilə təbrik edərək, ona yeni uğurlar arzulayıb.

Daha sonra Qərbi Azərbaycan Televiziyasının rəhbəri, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası sədrinin müavini, tanınmış jurnalist Telli Pənahqızı, Azərbaycanın Əməkdar elm xadimi, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası sədrinin müavini, professor Fərrux Rüstəmov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Bakı QHT Resurs və Təlim Mərkəzinin rəhbəri Rauf Zeyni, Zəngibasar ziyalıları – professor Şəhla Əliyeva, professor Əsgər Zeynalov, Zəngibasar rayonu üzrə ağsaqqalların məsul nümayəndəsi Teyyub Məmmədli və şairə Bela Zəngibasarlı çıxış edərək, Zəngibasar yallısının yenidən dirçəldilməsinin tarixi, mədəni və mənəvi əhəmiyyətindən danışıblar. Natiqlər bu təşəbbüsün Qərbi Azərbaycanın zəngin folklor irsinin yaşadılması istiqamətində mühüm addım olduğunu vurğulayaraq layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində Zəngibasar yallısına həsr olunmuş klip ilk dəfə ictimaiyyətə təqdim edilib. Bildirilib ki, klipin çəkilişləri Bakı şəhəri 138 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Zəngibasar İcmasının nümayəndələri və digər iştirakçıların iştirakı ilə Şuşa, Xankəndi və işğaldan azad olunmuş digər ərazilərdə həyata keçirilib.

Sonda Zəngibasar yallısı iştirakçılar tərəfindən canlı ifa olunub, böyük maraq və alqışlarla qarşılanıb.