"Çağdaş dövrümüzdə informasiyanın sürətli ötürülməsi, rəqəmsallaşma, kütləvi kommunikasiya vasitələrinin inkişafı və qlobal şəbəkələrin yaranması ictimai-siyasi münasibətlərdə, dövlət idarəetməsində və təhlükəsizlik sahəsində köklü dəyişikliklərə yol açıb".
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.
Onun sözlərinə görə, informasiya müharibələrinin, dezinformasiyanın və rəqəmsal texnologiyaların media məkanını sürətlə dəyişdirdiyi bir dövrdə beynəlxalq media əməkdaşlığı mühüm problemlərin müzakirə mövzusu olmaqla bərabər, həm də qlobal təhlükəsizlik məsələsidir:
"Məhz belə bir şəraitdə Azərbaycanın təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu qısa müddətdə dünyanın müxtəlif ölkələrindən jurnalistləri, ekspertləri, media rəhbərlərini və rəsmi şəxsləri bir araya gətirən nüfuzlu platforma kimi formalaşdı.
Həmçinin forumun Şuşada keçirilməsi isə təsadüfi deyil. Azərbaycanın mədəniyyət paytaxtı, zəfərin, dirçəlişin rəmzi olan qədim Şuşa həm də beynəlxalq dialoqun, əməkdaşlığın və fikir mübadiləsinin mühüm məkanına çevrilib. Bu forum müxtəlif ölkələrin media nümayəndələri arasında əlaqələrin genişlənməsinə, qlobal informasiya mühitində mövcud çağırışların birgə müzakirəsinə və yeni əməkdaşlıq formatlarının formalaşmasına xidmət edir.
“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən forumda tanınmış və nüfuzlu beynəlxalq media rəhbərləri, ekspertləri müasir dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, yeni informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və “feyk nyus”la mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə ediblər.
Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu hər il beynəlxalq media ictimaiyyətinin diqqətini Azərbaycana yönəldir. IV Şuşa Qlobal Media Forumunda səslənən ideyalar, aparılan müzakirələr və əldə olunan əməkdaşlıq nəticələri qlobal informasiya təhlükəsizliyinə mühüm töhfə verəcəkdir".
Lətifə Musayeva