“Azərbaycanla əməkdaşlıq edən ölkələr, təbii ki, Azərbaycana öz səfirlərini də göndərirlər. Biz görürük ki, son dövrdə Azərbaycanla strateji tərəfdaşlığa daha çox önəm verən ölkələr yeni səfirlər təyin edirlər. Cənab Prezident İlham Əliyev də onları qəbul edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya regionunun aparıcı ölkələrindən biridir:
“Ölkəmiz Qərblə Şərqi, eyni zamanda Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat marşrutları formalaşdırıb. Azərbaycan bir çox ölkələrin siyasi və iqtisadi inkişafına təsir göstərə biləcək əhəmiyyətli nəqliyyat dəhlizlərinin əsas iştirakçısına çevrilib.
Bu gün Azərbaycanla əməkdaşlıq edən, eləcə də bu əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək istəyən ölkələrin sayı kifayət qədər çoxdur. Azərbaycan həmin dövlətlərlə diplomatik münasibətlərini də yüksək səviyyədə saxlayır. Biz görürük ki, cənab Prezident səfirləri şəxsən qəbul edir və onlarla müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivlərini müzakirə edir.
Eyni zamanda, Azərbaycanın strateji tərəfdaşı olan və ölkəmizlə siyasi-diplomatik münasibətlərə xüsusi önəm verən dövlətlərdə də səfirliklərimiz və diplomatik nümayəndəliklərimiz fəaliyyət göstərir. Azərbaycan bu ölkələrlə siyasi, iqtisadi, təhlükəsizlik və enerji sahələrində əməkdaşlığını davam etdirir, eyni zamanda bu əməkdaşlığı yeni geosiyasi reallıqlara və formalaşan beynəlxalq nizama uyğun şəkildə inkişaf etdirir”.