"Azərbaycan–ABŞ əməkdaşlığının yeni istiqamətləri"

17 İyul 2026 16:09 (UTC+04:00)

"ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq əsasən enerji təhlükəsizliyi, qlobal enerji layihələrinin reallaşdırılması və strateji tərəfdaşlıq istiqamətlərində inkişaf etməkdədir". Bu fikirləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib.

Onun sözlərinə görə, nununla yanaşı, son illər ərzində Azərbaycanda texnologiya, rəqəmsallaşma və innovasiya sahələrinin inkişafı fonunda bu istiqamətlərdə də əməkdaşlıq imkanları genişlənib:

"2025-ci ilin avqust ayında Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanan sazişə əsasən, Azərbaycan ilə ABŞ arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın da prioritet istiqamətlərdən biri olduğu təsdiqlənib. Azərbaycan həm Trans-Xəzər ticarət marşrutu, həm də Orta Dəhliz çərçivəsində ABŞ-la əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir.

ABŞ-ın Azərbaycanın təşəbbüsü olan Zəngəzur dəhlizi layihəsinə dəstək verməsi də nəqliyyat və logistika sahəsində tərəfdaşlığın genişləndiyini göstərən mühüm amillərdən biridir.

Bundan əlavə, Azərbaycan və ABŞ arasında yüksək texnologiyalar, süni intellekt və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq da perspektivli istiqamətlər sırasında yer alır. İki ölkə arasında regional təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması, eləcə də post-sovet məkanında təhlükəsizlik çağırışlarının həlli istiqamətində Azərbaycan–ABŞ əməkdaşlığı diqqət çəkən sahələrdən biridir".

Lətifə Musayeva