"Təcrübə onu göstərir ki, hazırda informasiyanın çox mühüm strateji əhəmiyyət kəsb etdiyi bir vaxtda onun təmərküzləşmiş formada idarə edilməsi daha səmərəlidir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu, mahiyyət etibarilə müxtəlif informasiya subyektləri olan informasiya ötürücüləri eyni vəzifəni yerinə yetirdiklərinə görə onların birgə fəaliyyəti daha səmərəli olur:
"Məsələn, audiovizual şura elektron informasiya vasitələri üzrə müəyyən funksiya yerinə yetirirdi, media agentliyi yazılı informasiya resursları üzrə və s. Amma nəticədə bunların hamısı informasiyadır və informasiya təhlükəsizliyi baxımından onların vahid formatda birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mən düşünürəm ki, Atılan addım elə buna xidmət edir.
Yəni, informasiyanı əldə etmək, onu emal etmək, onu vahid mərkəzdən idarə etmək nəticə etibarilə bizim milli informasiya məkanımızın həm qorunmasına, həm də onun məzmununun yüksək keyfiyyətli müəyyənləşdirməyinə xidmət edəcək. İndi dəbdə olan bir söz var, deyirlər ki, kontent, kontent. Yəni o məzmunu yaratmaq və onu informasiya istehlakçısına çatdırmaq baxımından da burada dövlət maraqlarını qorumaq daha asan olacaqdır, milli maraqları qorumaq daha asan olacaqdır.
Çünki informasiya özü-özlüyündə bugün artıq informasiya olmaqdan çoxdan çıxıbdır. O, informasiya bugün ictimai rəyi təyin edir, vətəndaşın sosial kimliyini təyin edir, dünyada baş verən proseslərin qəbul edilməsi və ona münasibəti təyin edir, ondan sonra insanların düşüncəsini, fəlsəfəsini, dinə münasibətini, yəni ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatımızın o qədər dərinliklərinə informasiya nüfuz edir ki, ona görə də biz bu informasiyanı necə idarə etməyi və onun bütün imkanlarını milli maraqlardan necə yönəltməyi öyrənməliyik. Buna görə mən düşünürəm ki, Atılan addım doğrudur və milli maraqlara uyğundur".
Lətifə Musayeva